Mina qurbanları və onların ailə üzvləri üçün kompüter kursu başladı - FOTO
Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Mina qurbanlarının və onların ailə üzvlərinin cəmiyyətə reinteqrasiyası” layihəsinin icrasına başlayıb.
AMZA-nın sədri Rey Kərimoğlunun verdiyi məlumata görə, fevralın 1-dən icrasına başlanan layihə çərçivəsində bu gündən Beynəlxalq Avrasiya Mətbuat Fondunun Tərtər rayonundakı Regional Peşə Təlim Mərkəzində kompüter kursuna başlanıb. İki ay davam edəcək kursda iştirak etmək istəyən 20 nəfər minadan, müharibədən zərərçəkənlər və onların ailə üzvləri seçilib.
“Biz layihə çərçivəsində 20 nəfər minadan, müharibədən zərərçəkən və onların ailə üzvlərini seçmişik. Kursu uğurla bitirənlərə sertifikat veriləcək. Onlara gələcəkdə müvafiq işlə təmin edilməsinə də kömək edəcəyik. Kurslar hər birində 10 nəfər olan iki qrupda aparılacaq. Bundan başqa, layihə çərçivəsində 44 günlük Vətən Müharibəsindən, yəni 2020-ci ilin 10 noyabrından sonra minadan zərərçəkən insanların bazasını hazırlayacağıq, onların ehtiyac meyarlarını öyrənəcəyik. Layihə çərçivəsində “Hüquqlarınızı bilirsinizmi?” adlı maarifləndirici buklet də çap edilib paylanacaq. Məqsədimiz bu insanların və onların ailə üzvlərinin cəmiyyətə reinteqrasiyasına yardımçı olmaqdır.”- deyə, R.Kərimoğlu bildirib.
Layihənin icra müddəti isə 3 aydır.