Komitə sədrinin beynəlxalq elmi jurnalda məqaləsi çap edilib

Komitə sədrinin beynəlxalq elmi jurnalda məqaləsi çap edilibAzərbaycan Respublikası Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, texnika elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin dosenti, millət vəkilli Sadiq Qurbanovun həmmüəllifliyi ilə “Neft şirkətlərinin investisiya cəlbediciliyinin qiymətləndirilməsində tətbiq olunan riyazi modellər” mövzusunda “Scopus” şəbəkəsinə daxil olan “SOCAR Proceedings” jurnalında məqaləsi dərc edilib. Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.

Jurnal beynəlxalq sitatgətirmə sistemi “Scopus”, Rusiya Elmi Sitatgətirmə İndeksi və “EI’s Compendex”, “Petroleum Abstracts” (Tulsa), “Chemical Abstracts”, “Inspec” xülasələndirmə sistemlərinə daxildir.

2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi “Emerging Sources Citation Index”-ə daxil olunub.

Bu barədə komitə sədri məlumat verib.

S.Qurbanov bildirib ki, Azərbaycan və Rusiya Federasiyası alimlərinin (Z.F. Məmmədov, S.H. Qurbanov, E.D.Streltsov, A.I. Borodin,, İ. Yakovenko, A.A. Əliyev) birgə araşdırmasının nəticəsi olan məqalə neft şirkətlərinin investisiya cəlbediciliyi səviyyəsinin qiymətləndirilməsi üçün iqtisadi və riyazi vasitələrin işlənib hazırlanmasına həsr olunub: “Neft sənayesi istənilən ölkənin iqtisadi inkişafının aparıcı qüvvəsidir. COVID-19 pandemiyasının yayılması Rusiyanın neft sektorunda ciddi qeyri-sabitlik probleminə səbəb olub. Bu problem strateji xarakter daşıyır. Onun həlli neft kompleksi müəssisələri tərəfindən investisiyaların aktivləşdirilməsini, nəticədə investisiya obyektlərinin investisiya cəlbediciliyinin səviyyəsinin qiymətləndirilməsi üçün nümunəvi vasitələrin işlənib hazırlanmasını və istifadəsini tələb edir. Bu məqalədə təklif olunan iqtisadi-riyazi model qeyri-səlis məntiqin riyazi aparatının istifadəsinə əsaslanır və keyfiyyətcə müəyyən edilmiş xüsusiyyətlərlə (multiplikator) işləyərkən neft şirkətlərinin investisiya mühitini kəmiyyətcə qiymətləndirməyə imkan verir”.