"Ölkəmizin beynəlxalq nüfuzu hər gün daha da artmaqdadır"
«Azərbaycanın müxtəlif mövzularda beynəlxalq konfranslara və forumlara ev sahibliyi etməsi, artıq, ənənə halını alıb. Dekabrın 6-da ADA Universitetində baş tutan “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forum da bu baxımdan xüsusi diqqət çəkir. Forumda dünyanın 30 ölkəsindən 60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloqlar iştirak edib. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olunub, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Dövlət başçısı İlham Əliyev Forumda 30 il düşmən tapdağı altında qalan torpaqlarımızda son üç ildə aparılan bərpa-quruculuq işlərindən danışıb. Bildirib ki, keçmiş məcburi köçkünlərə maksimal həyat şəraitini yaratmaq üçün əlimizdən gələni etməyə çalışırıq. Onlar buna layiqdirlər. Qarabağın dirçəldilməsi ən mühüm prioritetdir. Çünki insanlar illərdir ki, öz yerlərinə qayıdacaqları vaxtı gözləyirlər.»
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında qeyd edib.
K.Bayramov bildirib ki, Prezident İlham Əliyev Forumda bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən danışıb. Bildirib ki, Avropa Azərbaycanı tərəfdaş kimi görsə də, ailə üzvü kimi nəzərdən keçirmir və bu yanaşmanın nə vaxtsa dəyişəcəyi inandırıcı deyil. Nəticəsi əvvəlcədən mənfi olacağı məlum olan işə baş qoşmamaq Azərbaycanın xarici siyasətdə praqmatik kursa riayət etdiyinin göstəricisidir.
Qarabağın 30 illik işğal müddəti Azərbaycan xalqı üçün bir həqiqəti aydın şəkildə göstərdi ki, beynəlxalq hüquq normaları, insan azadlıqları beynəlxalq aləm üçün ikinci, hətta sonuncu məsələdir. Ölkəmiz ABŞ,Avropa və digər qərb ölkələrindən bu ədaləti 30 il gözləyib. Ümumiyyətlə, ABŞ və bəzi Qərb dövlətləri ölkəmizin Cənubi Qafqaz regionunda yaratdığı reallıqları və güclü, suveren, müstəqil Azərbaycan dövlətini qəbul edə bilmirlər. Unutmayaq ki, ABŞ və Fransa 30 ilə yaxın müddət ərzində keçmiş Qarabağ münaqişəsinin nizamlanması mandatına malik olan ATƏT-in Minsk qrupunda həmsədr vəzifəsini daşıyırdılar. Amma, bu, müddət ərzində sülhə nail olunması istiqamətində heç bir addım atılmadı. Bir dəfə də olsun işğalçı Ermənistanı qınamadılar, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrası istiqamətində addım atmadılar. Məlumdur ki, onların bu mövqeyi sülhə xidmət etmir. Əksinə, iki dövlət arasında olan bütün körpüləri yandırır.
Deputat diqqətə çatdırıb ki, sülh prosesni gecikdirən tərəf Azərbaycan deyil, Ermənistandır. Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu nümayiş etdirir. Otuz ildən artıq işğalı, öz ərazisinin tamamilə dağıdılmasını, etnik təmizləməni və əziyyətləri görən ölkə olaraq Azərbaycan beynəlxalq vasitəçilərə yox, məhz, Ermənistana əl uzatdı. Dovlət başçımızın qeyd etdiyi kimi, əgər Ermənistan yaxşı qonşu olmaq və dəstək vermək bacarığını nümayiş etdirərsə, bu yolla öz suverenliyini qoruyub saxlaya bilər. Hazırkı dövrün bu reallığı da diqqətə çatdırıldı ki, Ermənistan hökuməti xaotik olaraq bir qütbdən digər qütbə gedir. Onlar hesab edirlər ki, bununla xilas olunacaqlar. Ən azı Ermənistan öz tərəfindən iradəsini bildirməlidir. Bu, sülh üçün ilk şərtdir”.
K.Bayramov əlavə edib ki, ölkəmizin beynəlxalq nüfuzu və mövqeyi hər keçən gün daha da artmaqdadır. İndi təkcə Cənubi Qafqazda yox, onun sərhədlərini əhatə edən daha böyük coğrafi məkanda Azərbaycanın maraq və istəkləri nəzərə alınır. Azərbaycan tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaratdı. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələr xarici siyasətlərini öz siyasi ambisiyaları üzərində qurmamalıdırlar. Bu həmin güclərin müstəmləkəçilik siyasəti əsasən, dünyanın müxtəlif yerlərində yerləşən müsəlman əhalisinə qarşı yönəlmişdir. Özlərini dünyanın ağası hesab edən bu müstəmləkəçi dövlətlər anlamalıdırlar ki, heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz.