Sizin Reklam Burada

Minnətdar olmaq ləyaqəti

Minnətdar olmaq ləyaqətiSon 30 ildə, Zəfər gününə, eləcə də müqəddəs torpaqlarımızdan 200 illik xəyanətin qanlı izlərinin silindiyi günədək keçən zaman kəsiyində yazdıqlarımın hər sətirini, hər misrasını düşüncəmin süzgəcindən keçirirəm. Ağrı-acı, əzab, mübarizə və savaş əzmi, yurd həsrəti, yarımçıqlığın, natamamlığın ürəyimi dəlib keçən tənəsinin sızıltısı və sonsuz bir inam, üzərində yüzillərin yükünü daşımağa qadir olan müqəddəs ümidin qəribə bir mənzərəsi, təkrarsız bir portreti canlanır gözümün önündə... İlahi, nələrdən keçmişik.

Nə zamansa, düşüncəmə, ruhuma hakim kəsilmiş Qarabağ ağrısı sağlıqlara çevriləndə, qəzəb bürüyürdü məni... Yurd yerlərimizin adı sınıq-salxaq “müsiqi” parçalarına zorla pərçimlənəndə üzümü və özümü gizlətməyə yer axtarırdım. Qəhər boğurdu, dərd havasına qol götürüb havalı-havalı oynayanlara etiraz edə bilmirdim. Hər dəfə belə məclislərdən sonra imkan tapan kimi “Tütək səsi” filmindəki məşhur səhnəni – oğlunun cəbhədən geri qayıdacağına olan ümidlərini həmişəlik ürəyində dəfn edən atanın “Ruhani” havasıyla haray çəkən üsyanını izləyirdim. Namərd gülləsi kimi köksümə sancılmış Qarabağ acısının cismani ağrısı keyimişdi, vallah, “Ruhani”ylə ruhumun ağrısını dilləndirirdim, dərdim ölməsin deyə... Yüzminlərdən, milyonlardan biri kimi dərdimi ölməyə qoymurdum. Çünki yurd itkisinin ruhumu saran dərdinin keyiməsi, namusumuzun, şərəfimizin, bir insan kimi ləyaqət hissimizin keyiməsinə bərabər idi...

Az qala hər gün tanıdığım və daha əvvəllər heç zaman qarşılaşmadığım adamlardan həmin dövrdə düşmən tapdağında olan yurd yerlərimizin işğaldan azad olunacağı günlə bağlı yarı arzu, yarı vəd, yarı dua qarışıq sözlər eşidirdim. Kimi dizin-dizin sürünərək, kimi hər qarışını gözünə təpərək, öpərək gedəcəyini deyirdi... “Ac-susuz qalaram, uçuq komada yaşayaram” deyənlər də, doğulduğu torpağın bir udumluq havasını ciyərlərinə çəkib ölməyə hazır olduqlarını göz yaşları içində, dönə-dönə təkrarlayanlar da tapılırdı...

İndi bütün bunları nə üçün yazıram? Səbəbləri var, şübhəsiz. Həm də təəssüf ki, ürək ağrısı ilə müşahidə etdiyim, əksəriyyəti haqqında danışamağa dilim, yazmağa əlimin gəlmədiyi səbəblər...

Bir zamanlar “ac-susuz qalmağa”, “bir udum havası üçün ölməyə” hazır olduqlarını deyənlərin arasında hər qarışı şəhidlərimizin müqəddəs qanı ilə suvarılmış yurd yerlərimizə geri döndükdən qısa müddət sonra gileylənməkdən, sanki ömrünü, sağlamlığını, canını Qarabağımızın düşmən tapdağından azad olunması üçün fəda edənlərin bunlara borcu varmış kimi davranmaqdan utanmayanları görəndə dilim-dodağım quruyur... Və illər öncə təəssüflə, əzabla seyr etdiyim mənzərəni xatırlayıram: Təxminən 27-28 il öncə Yasamalda, nə zamansa mövcud olan “Sevil” kinoteatrının yanında məcburi köçkünlərə yardım paylanılırdı. Əsasən imkansız adamlar yardım paylarını almaq üçün növbə tuturdılar. Amma həmin dövrfə çoxları üçün əlçatçatmaz olan bahalı avtomobillərdən düşüb hamıdan öncə yardıma əl atanlar da tapılırdı... Utanmadan, azacıq da olsa həya etmədən. Adətən belələrinin öncədən “növbətutanları” da olurdu, zəhmət çəkib növbəyə dayanmasınlar deyə...

Əslində bütün bunlardan bir o qədər də narahatlıq keçirmirəm. Mənim üçün millət, xalq Azərbaycanın hər qarışı uğrunda canını fəda etməyə hazır olanlardan, Torpaq və Bayraq sevgisi səmimiyyətdən yoğrulanlardan, Qarabağın azadlığı üçün bütün imkanlarını səfərbər edənlərdən, milli təəssübkeşlik, qürur və ləyaqət hissi ölməyənlərdən, azad nəfəs alan yurd yerlərimizin “havası”nı ciyərlərinə çəkib dünyanın ən xoşbəxt adamı ola bilənlərdən, koksündə ürək yerinə Vətən sevdası döyünənlərdən ibarətdir. Yerdə qalanları... elə yerdə qalanlardır, vəssalam!

Amma yenə də olsun... İndi bir zamanlar yuxularında belə görə bilmədiklərini görüb də utanmadan giley libasına bürünənlər, əvvəl olduqları yerə, yəni bir vaxtlar düşmənin viran qoyduğu şəhər və kəndlərimizdə qısa müddət ərzində görülən işlərin miqyasına, yaradılan şəraitə, zirvələrdə dalğalanan üçrəngli Azərbaycan bayrağına və nəhayət, şəhid analarının qürurlu duruşuna, kədərli gözlərinə baxsınlar...

P.S. Asilik, narazılıq çox asandır, minnətdar olmaq isə çətin - bu yanaşma son 30 ilin kataklizmlərindən, bir formasiyadan digərinə daşınan cəmiyyətin ziddiyyətlər dolanbacından keçən bir insanın heç vaxt dəyişməyəcək qənaətidir. Minnətdar olmaq şükr etmək mərifəti, səbr, dözüm, dayanıqlılıq tələb edir. Asilik, xroniki giley-güzarçılıq isə şəxsi mənafedən doğan miskin bir təkəbbürün bütün mümkün vasitələrlə ətrafa nümayiş etdirilməsinə xidmət edən, natamamlıqdan doğan inkarçılıqdır. Tanrıya tapınmaq, şükran olmaq, minnətdar olmağı bacarmaq insan əxlaqının, mənəviyyatının, dünyagörüşünün zirvəsidir.

Elə insanlar var ki, qəlbləri və təfəkkürləri məchul “qara dəlik” kimidir. Belələri Tanrının vəsilə olduğu yaxşılıqları, xeyirxahlıqları, nəcib əməlləri udur, yenisini umur və sanki, belə olmalıymış kimi “yollarına” davam edirlər. Əvəzində isə nəinki cəmiyyətə, heç öz yaxınlarına belə heç nə vermirlər. Bir xoş sözü, xəfif təbəssümü belə başqalarına qıymır, işıq udur, qaranlıq paylayırlar.
Xeyirlə Şərin, işıqla qaranlığın mücadiləsinin yaşını kimsə bilmir. Lakin bu əbədi mücadilənin, savaşın içərisində belə bəşəriyyətin mövcudluğunu qoruyub saxlayan, Tanrının düzənlədiyi və bir kimsənin poza bilməyəcəyi ilahi harmoniya var. Hətta bətnindən zülmətlər doğuran milyonlar belə Azərbaycan dövlətinin də içində yer aldığı bu düzəni poza bilməzlər. Yalnız özlərinə zülm edə bilərlər.

Elçin Mirzəbəyli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər