İranın və İsrailin Azərbaycandakı səfirlərinə xəbərdarlıq etmək lazımdır ki..
İranın və İsrailin Azərbaycandakı səfirlərinə xəbərdarlıq etmək lazımdır ki, ölkəmizi mübahisə poliqonuna çevirməsinlər. Bu iki ölkənin səfiri ilk dəfə deyil ki, sosial şəbəkələr üzərindən söz atışmasına çıxıblar. Bu dəfə atmacaların ağırlığı artıb.
Avrasiya.net xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, səfirin vəzifəsi ölkəsini çalışdığı dövlətdə təmsil etmək, əməkdaşlığın inkişafı məqsədilə danışıqlar aparmaq, görüşlər keçirməkdir.
Səfir ölkəsinə aid olmayan müharibəylə bağlı başqa ölkənin səfirini hədələməməlidir. Bu həmin səfirin çalışdığı ölkəyə hörmətsizliyidir. Azərbaycanı Yaxın Şərqdəki qarşıdurmada tərəf seçməyə məcbur etmək istəyirlər.
İranın Azərbaycandakı səfiri Abbas Musəvi sosial şəbəkədə İsrailin Azərbaycandakı səfiri Corc Dikin ünvanına bunları yazıb: “İndiki mərhələdə cəsur HƏMAS döyüşçüləri sizin üçün kifayətdir. Siz hörümçək torundan da zəifsiniz. Unutmayın ki, İran müdaxilə etsə, siz Nil çayında deyil, Aralıq dənizində basdırılacaqsınız. Heç bir xilas yoxdur. Bundan sonra bütün dünya sizə qarşıdır... Müsəlman, igid Azərbaycan xalqı, eləcə də bütün dünya sizə qarşıdır”.
İsrail səfiri Corc Dik bu statusa cavab olaraq bunları yazıb: “Peşəkardan pulsuz məsləhətimi alın. Ölkəmi məhv etməklə, məni isə ölümlə (bir daha) hədələyəndə ciddi qəbul olunmaq istəyirsənsə, hörümçək toru ilə müqayisədən imtina etməlisiniz. Çünki hörümçək toru poladdan beş dəfə möhkəmdir”.
Bunu dayandırmaq lazımdır. Fikrimcə, hər iki səfiri ayrılıqda Xarici İşlər Nazirliyinə çağırıb, onları bu “dialoqa” son qoymağa çağırmaq lazımdır. Azərbaycanın özündə də “İsrail haqlıdır, yoxsa Fələstindəki silahlı qruplaşmalar” sualı ətrafında kəskin diskussiya gedir. Bu diskussiyaya kənardan benzin tökmək istəyənlərə “dur” demək lazımdır.