Azərbaycan önəmli təşəbbüslərin müəllifidir
2023-cü ilin 15 oktyabrı xalqımızın yaddaşına əbədi həkk olundu. Prezident İlham Əliyevin 15 oktyabrda Xankəndi şəhərində üçrəngli Azərbaycan Bayrağını ucaltması hər birimizin ürəyini dağa döndərdi, hər kəsi qürurlandırdı. Xankəndinin mərkəzində Bayrağımız, Gerbimiz önündən həm xalqımıza, həm də dünyaya bir daha səsləndi: “Bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.
Müzəffər Ali Baş Komandan qeyd etdi ki, Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi. Hər gün Azərbaycan xalqı müqəddəs anı yaxınlaşdırırdı. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirmǝyǝ başlayan Dövlət başçısı qarşısına bir nömrəli vəzifə qoymuşdur ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın.Və bu gün o gündür.
Azərbaycanla artıq dünyada hesablaşırlar. Ötən iyirmi il ərzində Azərbaycan gücləndi, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bildi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır.
Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Ötən illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaradıldı.
Dövlətin güclü iqtisadiyyat sahəsində apardığı siyasətə də toxunan Prezident bildirdi ki, son 20 il ərzində əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın və ordun olmalıdır.
Silahlı Qüvvələrin rəşadətini dilə gətirən Prezident döyüş meydanında göstərilən qəhrəmanlıqdan da söz açdı. İstər Vətən müharibəsində, istərsə də 23 saat davam edən antiterror əməliyyatını ordumuzun uğuru olaraq diqqətə çatdırdı. Uğurun əməli nəticəsi 44 günlük müharibənin Kapitulyasiya Aktı ilə sona çatması idi.
Dövlət başçısı bildirdi ki, bu il “Heydər Əliyev İli”dir. Biz Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik. Bizim Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir. Ulu Öndərin 100 illiyini hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etmək bizim üçün böyük rəmzi məna daşıyır. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik.
Ermənistanın bütün revanşist qüvvələri mövcud reallığı qəbul etməlidir. Bizim Bayrağımız Xankəndidə dalğalanır. Revanşistlər Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, onlar öz aqibətini bilməlidirlər.
Teymurçin Mirzəbəyli
Xətai rayon İcra Hakimiyyəti - aparıcı məsləhətçi