Əlamətdar tarix
Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə əlaqədardır. 3 il öncə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu Füzuli şəhərində 27 illik erməni işğalına son qoydu.
Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Ermənilər yaxşı bilirdilər ki, Füzulinin azad olunması ilə Azərbaycan strateji üstünlüklər əldə edəcək. Buna görə də 30 il ərzində məhz həmin istiqamətdə təmas xəttində möhkəm istehkamlar, bir neçə mərhələdən ibarət güclü müdafiə xətti qurmuşdular.
Füzuli işğal dövründə ən çox dağıntılara məruz qalmış rayondur. Füzuli şəhəri ermənilər tərəfindən tamamilə yerlə-yeksan edilib. Rayon ərazisində bir dənə salamat kənd, bir dənə salamat bina qalmayıb. İşğal başa çatdıqdan sonra buraya gələn hər bir insan erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Təsadüfi deyil ki, ermənilər öz vəhşiliklərini gizlətmək üçün işğal dövründə buraya heç kimi, hətta beynəlxalq təşkilatların nümayəndələrini də buraxmırdılar.
5 yanvar 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin əmri ilə baş tutumuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.
Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.
Lakin Azərbaycan Ordusunun şücaəti və Ali Baş Komandanımızın strategiyasının mükəmməlliyi sayəsində bu əməliyyat cəmi 20 günə parlaq qələbə ilə başa çatdırılmışdır. Bu zəfərin əbədiləşdirilməsi məqsədilə 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.” Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.
Dövlət başçımızın Füzuliyə etdiyi səfərlərin gedişində Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməlqoyma mərasimi, Füzuli rayonunda hava limanının təməlinin qoyulması, Füzuli şəhərinin Baş planının təsdiqlənməsi, 180 çarpayılıq xəstəxananın təməlqoyma mərasimi, Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlqoyma mərasimi, Füzuli şəhərində çoxmənzilli yaşayış məhəlləsinin və Peşə Liseyinin təməlqoyma mərasimləri kimi əhəmiyyətli tədbirlər keçirilib. Əlbəttə ki, bu tədbirlər arasında cəmi 8 ay ərzində inşa olunan və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılışı xüsusi əhəmiyyət kəsb edir.
İşğaldan azad edilmiş ərazilərdə görülən işlər Azərbaycanın yaradıcı və sülhsevər ruha sahib olduğunun nümayişidir. Lakin Azərbaycan dövləti sülhsevərliyi ilə yanaşı ölkənin və xalqın təhlükəsizliyini təmin etmək üçün, sülhə təhdid törədən bütün qüvvələri dəf etmək üçün müharibəyə də hər an hazır olduğunu dəfələrlə sübut etmişdir. O cümlədən bu ilin sentyabr ayının 19-da keçirdiyi lokal xarakterli antiterror tədbirini növbəti parlaq Qələbə ilə başa çatdırmaqla artıq bütün Qarabağda konstitusiya quruluşunu və öz suverenliyini tam təmin etmişdir.
Bu gün Qarabağda aparılan quruculuq işləri ölkənin həyatına çoxsaylı yeniliklər gətirəcək, Böyük qayıdış yeni bir həyatın başlanğıcı olacaq.
Mehriban İsrafilova
Xətai rayon İcra Hakimiyyəti-baş məsləhətçi