Sizin Reklam Burada

İlham Əliyevin siyasəti tariximizin misilsiz qələbəsidir

İlham Əliyevin siyasəti tariximizin misilsiz qələbəsidirBu gün ölkəmiz yalnız regionun deyil eləcə də, dünyanın ən güclü dövlətlərindən biridir. İstər iqtisadi, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan fenomeni dünyada öz sözünü deməkdədir.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdaraq, ölkənin parçalanmasının qarşısını alması, baş verən siyasi hərc-mərcliyə son qoyması ilə ölkəmiz inkişaf yoluna qədəm qoydu. Məhz 1993-cü ildə ümummilli Liderin əsasını qoyduğu müstəqil Azərbaycanın uğurlu inkişafı özü ilə gətirəcəyi xoş günlərin anonsunu verdi. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycanı bugünkü qüdrətinə çatdırdı.

20 il bundan əvvəl Ulu Öndər xalqımıza səslənərək qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırdı. Heydər Əliyev İlham Əliyevin siyasi konturlarını müəyyən edərək, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olmasını qeyd etdi. Müraciətin davamında həm də Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görüləcəyini bildirdi.

Ulu Öndərin bu çağırışını Azərbaycan xalqı qəbul edərək, seçkilərdə öz gələcək liderini seçdi. Hansı ki, bu lider xalqımızın taleyüklü məsələlərinin həllində bir daha öz mövqeyini göstərdi. Ümummilli Liderin xalqa müraciətində qeyd etdiyi axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri başa çatdırdı. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciəti (1 oktyabr 2003-cü il).

Məhz Prezident İlham Əliyevin xalqın sevgisini və dəstəyini qazanaraq, bizi dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Uzun illər həllini tapmamış münaqişəni 44 gün kimi qısa müddət ərzində həll etdi və bizi rəhbərlik etdiyi rəşadətli ordusu ilə bərabər Qələbədən-Qələbəyə apardı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bu Zəfər həm də xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. Məhz cənab Prezidentin “Dəmir yumruq”u hesabına tarixi torpaqlarımız düşmən işğalından azad edildi. Beynəlxalq siyasətin mahir bilicisi olan Prezident İlham Əliyev Qarabağdakı münaqişənin sülh yolu həll edilməsi məqsədilə ATƏT-dən mandat almış vasitəçilərin münaqişənin həllindən yayınmasını müəyyənləşdi. Tərəfləri sülhə dəvət edən vasitəçilərdən konkret nəticəyönümlü addımların atılmasını tələb edərək, münaqişənin həllinin qeyri-müəyyən tarixə təxirə salınmasının qarşısını aldı.

Məhz Azərbaycan ordusunun tarixi Zəfəri ilə bitən Vətən müharibəsi dövlət başçısının ordu quruculuğuna ayırdığı yüksək diqqət və qayğının nəticəsi idi. Azərbaycan ordusunun arsenalının müasir silahlarla gücləndirilməsi, şəxsi heyətin yüksək döyüş hazırlığında yetişməsi istiqamətində atılan məqsədyönlü addımların bəhrəsini gördük. Ordumuzun göstərdiyi şücaətin əsasında isə onların Vətənə, millətə və xalqa olan bağlılıqları idi.

20 illik prezidentlik dövründə İlham Əliyev saysız-hesabsız nailiyyətlərə imza atıb. Bu nailiyyətlər siyasi, diplomatik, iqtisadi, hərbi, sosial, mədəni, idman sahələri də daxil olmaqla həyatın hər bir sahəsində özünü parlaq şəkildə təzahür etdirir. Bu nailiyyətlər sırasında ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğı xüsusi qeyd edilməlidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Bu nailiyyətlərin, bu sahələrin hər biri ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyır. Bununla belə, 44-günlük Vətən müharibəsində qazandığımız böyük zəfər, torpaqlarımızın işğaldan azad edilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin və ümumiyyətlə, tariximizin ən böyük, misilsiz qələbəsidir, uğurudur. Bu zəfər cəbhədə, hərbi əməliyyatlar zonasında 44 gün ərzində edilsə də, ona gedən yol uzun illərin ağır zəhməti, mürəkkəb çağırışıları və çətin mübarizəsi ilə doludur. Bu mübarizə hərbi, iqtisadi, siyasi sahələrdən savayı beynəlxalq səviyyədə aparılan gərgin və uzaqgörən diplomatiya, mürəkkəb xarici siyasət və xaricdən, müxtəlif güc mərkəzlərindən edilən təzyiqlərə mətanətlə sinə gərmək hesabına başa gəlmişdir.

24 saatdan az müddətdə həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatları uğurla həyata keçirilməsi ilə isə suverenliyimiz tam bərqərar edildi. Bundan əlavə, dünyanın müxtəlif güc mərkəzlərindən Azərbaycana qarşı mütəşəkkil təzyiq və qarayaxma kampaniyaları aparılmış və hazırda da aparılmaqdadır. Amma Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət bütün bu düşmən hərəkətlərini və anti-Azərbaycan kampaniyalarını uğursuzluğa düçar etmişdir. Gənclər sahəsi xüsusilə Prezident İlham Əliyevin gündəliyində olan bir mövzudur. Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramları, gənclərin inkişaf strategiyası, eləcə də xaricdə təhsillə bağlı müxtəlif dövlət proqramları qəbul edilərək, uğurla icra edilir. Həmin siyasət nəticəsində ölkəmizdə gənclərlə iş sahəsində ciddi keyfiyyət dəyişiklikləri əldə edilib, gənclərin ictimai həyatda rolu önəmli dərəcədə artıb.

Gənclər sahəsində aparılan genişmiqyaslı fəaliyyətdən biri də dövlət başçısı tərəfindən Gənclər Fondunun təsis edilməsidir. Eləcə də, “Gənclər siyasəti haqqında”, “Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunlarının qəbul edilmişdir.

“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq edilmişdir. Hər il 10 nəfər gəncimizə dövlət başçısı tərəfindən fərdi təqaüd verilir. Gənclərin ictimai həyatda iştirakını təmin etmək məqsədilə gənclər mərkəzləri, gənclər evləri, olimpiya idman mərkəzləri fəaliyyət göstərir.

Gənclərin təhsili prioritet təşkil edən məsələdir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-də rəhbər tutulmuş 5 əsas müddəadan biri də rəqabətli insan kapitalıdır. Prezident İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsi kimi xarakterizə etdiyi proses çərçivəsində baş verir və nəticədə gənclər dünyanın müxtəlif nüfuzlu ali təhsil müəssisələrində aparıcı ixtisaslar üzrə təhsil alırlar.

Gənclər də öz növbəsində dövlətin onlar üçün yaratdığı imkanlardan səmərəli istifadə edir. Azərbaycan gəncliyi istər Vətən müharibəsində, istərsə də ondan sonrakı dövrdə üzərinə düşən tarixi vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.

Gənclər, könüllülər, ekofəallar hazırda Xankəndi-Laçın yolunda dinc aksiya keçirdir, hazırda aksiyanı davam etdirirlər. Aksiyanın əsas tələbi Azərbaycan sərvətlərinin qeyri-qanuni istismarı dayandırılması, ekoloji terrora son qoyulmasıdır. Bununla belə aksiya zamanı humanitar dəhliz yaradılmış, yük və təcili yardım maşınlarının, eləcə də xəstələrin təxliyəsinin həyata keçirilməsi üçün şərait yaradılmışdır.

Prezident İlham Əliyevin idmana olan marağı xalqımız tərəfindən xüsusi rəğbətlə qarşılanır. Ölkəmizdə idmana ayırdığı diqqət 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi ilə geniş vüsət almışdır. 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il 5 mart tarixi ölkəmizdə Bədən tərbiyəsi və İdman Günü olaraq qeyd edilir. Dövlət başçısı tərəfindən idmana göstərilən yüksək diqqət və qayğı nəticəsində Azərbaycan dünyada idman ölkəsi olaraq tanınır. İstər idmançılarımızın qazandığı nailiyyətlər, istərsə də nüfuzlu idman yarışlarının yüksək səviyyədə keçirilməsi ölkəmizdə idmana verilən dəyərin əyani təcəssümüdür. Ölkəmiz I Avropa Oyunları kimi mötəbər bir olimpiadaya ev sahibliyi etdi. Tədbir yüksək səviyyədə təşkil edilərək, nailiyyətlərinin sırasına birini də əlavə etdi.


Bu məqamda gənclər siyasətindən danışarkən könüllülər hərəkatının inkişafını və geniş vüsət almasını qeyd etməmək olmaz. Gənclər arasında könüllülük fəaliyyətinin təbliği və yayılması onlarda humanizm və digər mənəvi dəyərləri gücləndirir. Bu fəaliyyət əmək bazarına yeni çıxan gənclərə çox vacib bir təcrübə də qazandırır. Könüllülər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə, o cümlədən idman və musiqi yarışlarına mühüm töhfə veriblər. Beynəlxalq tədbirlərdə iştirak bir tərəfdən onlarda fərqli mədəniyyətlərə mənsub olan insanlarla ünsiyyət vərdişləri aşılayır, digər tərəfdən isə Azərbaycan xalqının çoxəsrlik tolerantlıq xüsusiyyətlərini əcnəbilərə nümayiş etdirir. Tolerantlıq isə ölkəmizdə dövlət siyasəti elan edilmiş multikulturalizmin əsasında dayanır. Yeri gəlmişkən, multikulturalizm və tolerantlıq Azərbaycanda gənclər arasında xüsusən təbliğ olunur. Ölkəmizdə bütün ali məktəblərdə multikulturalizm fənni tədris olunur. Eləcə də Azərbaycanda multikulturalizmlə bağlı beynəlxalq yay və qız məktəbləri təşkil edilir, müxtəlif tədbirlər keçirilir.

Belə bir multikulturalizm siyasətinin nəticəsidir ki, Azərbaycan hərbçiləri Vətən müharibəsi dövründə ermənilər, onların müqəddəs yerlərinə, qəbrlərinə və dini abidələrinə münasibətdə ləyaqətlə davranıblar. Prezident İlham Əliyev qeyd edir ki, Ermənistandan fərqli olaraq “Azərbaycan Ordusu bütün müharibə dövründə müharibə qanunlarına əməl edərək müharibəni ləyaqətlə apardı”. Prezident onu da bildirir ki, Azərbaycan başqa cür davrana bilməzdi, çünki “bu, ümumiyyətlə, Azərbaycan xalqının xarakterinə ziddir”. Azərbaycan xalqının xarakteri ölkədə yürüdülən gənclər siyasətinin ideoloji təməlində duran, ümumbəşəri dəyərlərə hörmət bəsləyən Azərbaycançılıq məfkurəsi ilə bağlıdır. Multikulutrualizm siyasəti də öz növbəsində Azərbaycançılıq məfkurəsinə xidmət edir. Azərbaycançılıq məfkurəsi din, dil, etnik və digər mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycanlıların ümumi vətəni olan Azərbaycan dövlətinə bağlılığını özündə ehtiva edir. Multikulturalizm siyasəti də bu bağlılığın möhkəmlənməsinə yönəlmişdir.

Ona görə də Azərbaycançılıq vətənpərvərliyin Azərbaycan nümunəsi kimi də səciyyələndirilə bilər və bu vətənpərvərlik nümunəsi Vətən müharibəsində, xüsusən də Şuşa döyüşündə öz təcəssümünün zirvəsinə çatdı. Bu qeydlər ona dəlalət edir ki, Azərbaycanda gənclər siyasətinin Heydər Əliyev tərəfindən 1997-ci ildə 2 Fevral Gənclər Gününün təsis edilməsi ilə başlayan epoxası ideoloji baxımdan Azərbaycançılıq məfkurəsinə əsaslanmışdır. Belə ideoloji təməl üzərində qurulmuş gənclər siyasətimizin qarşıdan gələn dövrdə əsas vəzifələrindən biri Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində orta güc konsepsiyası ilə xarakterizə edilən dövlət kimi oturuşmasında gənclərimizin rolunun gücləndirilməsinə xidmət etməkdir.


Adil Əliyev,
Milli Məclisin sədr müavini

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər