İlham Əliyev Azərbaycana tarixdə olmayan uğurlar gətirdi - Deputat
“İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”, - Ulu Öndər Heydər Əliyev, 2003-cü il.
Dayanıqlı və möhkəm dövlət quruculuğunun əsas tələbi milli inkişafın məqsəd və prioritetlərini özündə birləşdirən milli ideyanın olmasıdır. Müasir Azərbaycan dövlətçiliyinin əsas sütunu xalqın “azad və güclü olmaq” arzusunu özündə əks etdirən milli ideyasını güclü dövlətə çevirməyi bacaran Uluöndər Heydər Əliyev dühası və siyasəti olmuşdur. Bütün uğurlarımızın əsas mənbəyi bu strategiyanın və yolun uğurla davam etdirilməsi və onun genişləndirilməsi olmuşdur.
“Mən Azərbaycan xalqına söz verirəm ki, Heydər Əliyev siyasətinə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, bu siyasəti davam etdirəcəyəm”, - Prezident İlham Əliyev, 2003 cü il.
Məhz bu yolunun əsas davamçısı olaraq Prezident cənab İlham Əliyevin 20 illik fəaliyyəti Azərbaycana tarixdə heç bir zaman olmayan uğurlar gətirdi. Məhz onun rəhbərliyi ilə Azərbaycan xalqı 100 illərdir arzuladığı, bu yolda böyük qurbanlar verdiyi hədəfinə nail oldu. İşğal altında olan torpaqlarımız, təhqir olunan mənəvi ocaqlarımız azad edildi. Xalqımızın qaməti dikəldi, layiq olduğu şərəfli həyata qovuşdu. O, and içərkən opdüyü Azərbaycan bayrağını bizim üçün dünyanın mənəvi cəhətdən ən uca nöqtəsinə, Şuşaya sancdı. Azərbaycan xalqı 2020-ci il 8 noyabrında yenidən doğuldu. Artıq o qalib xaldır, onun dövləti ən güclü dövlətdir, onun rəhbəri ən qüdrətli və ən ağıllı rəhbərdir, onun övladları ən böyük qəhramanlardır!
Strateji, səbrli, uzaqgörən, soyuqqanlı, cəsarətli, humanist, xalqa arxalanan idarəetmə sistemi qurmaqla cənab İlham Əliyev bu möhtəşəm qələbəyə 2003-cü ildən başlayaraq addım-addım gələrək nail oldu. Bütün resursları “Qarabağ” hədəfinə yönəltməklə sonunda bütün dünyanın belə gözləmədiyi qələbəyə nail oldu, Azərbaycan xalqının düşmənlərinin belini qırdı. Azərbaycan bayrağı artıq bütün Qarabağda qürurla dalğalanır!
Bu çətin və şərəfli yolda Prezident İlham Əliyevin iqtisadi siyasəti, əldə etdiyi nəticələr hər zaman hər kəsdə həsəd yaratdı. Son 20 ildə Ümumi Daxili Məhsulumuz 4 dəfə, büdcə gəlirlərimiz 30 dəfə, xarici ticarət dövriyyəmiz 10 dəfədən çox artaraq inkişaf dinamikasına görə dünyada lider ölkə olduq, regionda ən çox xarici investisiya və texnologiya cəlb edən ölkəyə çevrildik. İqtisadi potensialımızın reallaşması qarşısında olan bütün sədlər keçildi və əsl iqtisadi müstəqilliyə nail olduq. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TANAP, TAP layihələri məhz onun səyləri və fədakarlığı ilə reallaşdı. Vaxtilə regionda infrastruktur cəhətdən blokada şəraitində olan Azərbaycan indi Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi yeganə ölkədir.
Uğurlu siyasət nəticəsində əldə edilən neft gəlirləri hesabına ölkəmizdə qeyri-neft sektorunun güclənməsi, sahibkarlığın inkişafı onun sürətli və əhatəli iqtisadi islahatlarının əsas hədəfi oldu. Davamlı aparılan bu islahatlar nəticəsində iqtisadiyyatımızın əsas hərəkətverici qüvvəsi qeyri-neft sektoru oldu. Geniş şəffaflaşma prosesi, bürokratiyanın aradan qaldırılması, ədalətli rəqabətin təmin olunması iqtisadiyyatımızın dayanıqlı inkişafına böyük bir təkan verdi.
20 illik Prezidentlik fəaliyyəti dövründə cənab İlham Əliyevi ən çox fərqləndirən xüsusiyyət onun sosial dövlət konsepsiyasını inşa etməsi, əldə olunan hər bir uğurun xalqın güzəranın daha da yaxşılaşmasına, onun təhlükəsizliyinin qorunmasına və gələcəyə ümidlərinin daha da artmasına sərf etməsi oldu. Bu siyasətin nəticəsində ölkəmizdə yoxsulluq və işsizlik səviyyəsi dəfələrlə azaldı, sosial ödənişlərin həcmi dəfələrlə artdı, layiqli həyat şəraitinin səviyyəsinə görə Azərbaycan regionda bir çox ölkələri geridə qoydu.
Yeni Azərbaycan yeni hədəflərə doğru inamla irəliləyir. Dəyişən və yenidən qurulan dünyada Azərbaycanın özünəməxsus güclü yeri və sözü olacaqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nəticələr bir daha göstərdi ki, müdrik dövlət rəhbəri, xalqın ona olan inamı və sevgisi ilə istənilən hədəfə nail olmaq mümkündür. Mən inanıram ki, biz adı tariximizə qızıl hərflərlə yazılan cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox uğurlara imza atacaq və çox zirvələri fəth edəcəyik!
Tahir Mirkişili
Milli Məclisin deputatı