"Azərbaycan Prezidentinin Kuzey Kıbrısa gerçəkləşdirəcəyi səfər tarixi hadisəyə çevriləcək”
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda görüşduyu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ərsin Tatarın “tək millət üç dövlət” ifadəsinə dəstək verib. Bu ifadənin çəkisi böyükdür, Kuzey Kıbrıs Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə çalışır.
Avrasiya.net xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu KKTC-nin Prezidenti Ərsin tatarın bakıya səfəri və Prezident İlham Əliyevlə görüşü haqda qeyd edib.
O bildirib ki, rəsmi Bakı Qarabağdakı separatizmə görə Kıbrıs istiqamətində addımlar ata bilməyib:
“Azərbaycan separatizmdən qurtulduğuna görə Kıbrısla əməkdaşlığı genişləndirmək imkanına malikdir. Ərsin Tatarın Azərbaycana səfəri ilə bərabər, İlham Əliyevlə görüşüb geniş fikir mübadiləsinin aparması da tarixi hadisədir. Əlbəttə, İlham Əliyevin ölkə kənarındakı müxtəlif tədbirlərdə Ərsin Tatarla ayaqüstü söhbətləri olub, ancaq KKTC Cümhurbaşqanının Azərbaycana dəvət olunmasının əhəmiyyəti daha böyükdür. Bunun ardı gələcək. Ərsin Tatar İlham Əliyevi Kuzey Kıbrısa dəvət edib. Azərbaycan Prezidentinin Kuzey Kıbrısa gerçəkləşdirəcəyi səfər də tarixi hadisəyə çevriləcək”.