"Azərbaycan üçün ciddi problem olmayacaq"
Azər Qasımov
Politoloq
Ermənistanın təxribatlar etməklə dəfələrlə hərbi məğlubiyyətlər alması siyasi üstünlük əldə etməyə hesablanıb. İstər Qarabağ, istərsə də sərhəddə alınan məğlubiyyətlər Ermənistanın qələbəyə yox, məğlubiyyətə hesablanmış oyunudur. Ermənistan həmişə nə əldə edibsə, "yazıq və əzilən erməni xalqı" obrazı altında əldə edib. "Soyqırıma uğramış" erməni xalqı bunun bariz nümunəsidir. Eyni ssenari yenidən işə düşüb.
Azərbaycan ordusu təxribatlara cavab olaraq cəbhədə irəlilədikcə, Ermənistan bunu beynəlxalq aləmdə Azərbaycana qarşı siyasi təzyiq mexanizminə döndərmək istəyir. Hesab edirlər ki, bu yolla alınan siyasi nəticə onları məqsədlərinə çatdıracaq. Məqsəd Azərbaycanı işğalçı, erməniləri isə qorumaya möhtac məzlum xalq kimi göstərməkdir, necəki onlar həmişə bu yolla yaşayıblar.
Hələlik ciddi nəticə ala bilməsələr də, hesab etmək olar ki, seçdikləri yol onlar üçün ən azı hansısa yardımlar almaq baxımından əlverişli yoldur.
Azərbaycanın bu hadisələrdən siyasi olaraq məğlub çıxmaq kimi təhlükəsi nisbi xarakter daşıyır. Hər hansı tarixi şəraitdə məğlubiyyət kimi görünəcək siyasi vəziyyət belə, hansıki bura ən pis halda Qarabağa hansısa status verilməsi, Zəngəzurdan keçən yola dəhliz statusu verilməməsi, yolun açılmaması və s. aiddir, Azərbaycan üçün şərti xarakter daşıyacaq. Yəni bu, Azərbaycan üçün ciddi problem olmayacaq. Əsas odur ki, Azərbaycan ərazi bütövlüyünü bu və ya digər şəkildə bərpa etmiş olacaq. Amma Azərbaycanın siyasi olaraq məğlub olmaq ssenarisinin ehtimal faizi yox dərəcəsindədir. Burda hər şeyi coğrafiya həll edir.