CXP Bəyanat qəbul edib
Cümhuriyyət Xalq Partiyası Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir:
“Təəssüf hissi ilə bildiririk ki, Ermənistan silahlı qüvvələri sentyabrın 12-də gecə saatlarında beynəlxalq hüququn prinsiplərini və normalarını, fundamental insan hüquqlarını, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərini növbəti dəfə qəsdən və kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətmişdir. Paralel olaraq, Ermənistan tərəfindən sanki Azərbaycan Ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və Ermənistan tərəfinin əl atdığı növbəti dezinformasiya təxribatıdır. Baş vermiş növbəti təxribat hərbi qulluqçular arasında itkilərin yaranmasına, hərbi və mülki infrastruktura zərər vurulmasına, xidməti vəzifələrini yerinə yetirən mülki insanların və hərbi qulluqçuların təhlükəsiz yaşamaq hüquqlarının pozulmasına səbəb olmuşdur.
Bütün bunlara görə məsuliyyət Ermənistanın hərbisiyasi rəhbərliyinin üzərinə düşür və Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir addımın qarşısı qətiyyətlə alınacaq. Ümumiyyətlə, ötən ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Bununla yanaşı, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca ağır texnika və iri çaplı silahlar yerləşdirməsi Ermənistanın genişmiqyaslı hərbi təxribata hazırlaşdığını göstərirdi. Eyni zamanda, Ermənistanın beynəlxalq səviyyədə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirməsi, üçtərəfli bəyanatlar və əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərə zidd olaraq, erməni silahlı birləşmələrini ölkəmizin ərazisindən çıxarmaması, Ermənistanda istehsal edilmiş minaların son dövrlərdə Laçın ərazisində yerləşdirilməsi daxil olmaqla ərazilərin minalanması prosesinin davam etdirilməsi, kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması işlərində Ermənistan tərəfindən yeni şərtlərin irəli sürülməsi və maneə törədilməsi qarşı tərəfin sülh prosesində maraqlı olmadığını açıq-aşkar özünü büruzə verirdi.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupları tərəfindən törədilmiş növbəti genişmiqyaslı hərbi təxribatı xüsusən qaranlıq hava şəraitində Azərbaycan ərazilərinin, o cümlədən geniş bərpa-quruculuq işlərinin aparıldığı yerlərin və təminat yollarının minalanmasını kəskin şəkildə pisləyirik. Ermənistanın beynəlxalq humanitar hüquq normalarına zidd olaraq, ölkəmizə qarşı etnik nifrət və düşmənçilik niyyəti ilə qəsdən və düşünülmüş şəkildə, insanların həyat və sağlamlığına ciddi zərər vurmaq üçün törətdiyi bu cür hərbi təxribatları fundamental hüquq və azadlıqların kobud pozulması faktı kimi qiymətləndiririk. Beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət edərək, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini minalarla çirkləndirməyə, azad edilmiş ərazilərimizdə aparılan geniş bərpa-quruculuq işlərini və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtmalarının qarşısını almağa çalışan, regionda ədalətli və dayanıqlı sülhün bərqərar olması üçün ciddi maneə yaradan, fundamental insan hüquq və azadlıqlarını kobud şəkildə pozan Ermənistanın təxribat əməllərinə dərhal və sərt reaksiya verməyə çağırırıq. Tarixə nəzər salsaq, görərik ki, 1991-2022-ci illər ərzində 3190 nəfər Azərbaycan vətəndaşı, o cümlədən 355 uşaq, 38 qadın mina partlayışına məruz qalmışdır. 2020-ci ilin noyabr ayından 2022-ci ilin sentyabr ayınadək 242 nəfər mina qurbanı olmuş, onlardan 40 nəfər həlak olmuş, 202 nəfər ağır bədən xəsarətləri almışdır”.
Bədrəddin Quliyev
CXP (Cümhuriyyət Xalq Partiyası) sədri