Xalqı birləşdirən azərbaycançılıq məfkurəsi
Azərbaycanın yeni tarixində xalqımızın müdrik oğlu Heydər Əliyev şəxsiyyətinin milli ideologiyamızın formalaşması və mənəvi dəyərlərlərlə daha çox zənginləşməsi üçün göstərdiyi misilsiz xidmətlər əvəzedilməzdir. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet ideologiyasının hökm sürdüyü zamanda belə gördüyü məqsədyönlü işlərlə azərbaycançılıq məfkurəsinin formalaşması, milli şüurun oyanması istiqamətində misilsiz xidmətlər göstərmiş və o zamandan etibarən müstəqil Azərbaycanın bünövrəsini qurmuşdu. Belə ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi 13 ilə yaxın dövr ərzində o, Azərbaycana yeni nəzərlə baxmış və yeni bir Azərbaycan yaratmışdır.
Ümummilli Liderimiz Azərbaycanda ilk öncə mənəviyyatın yüksəldilməsi, əxlaqi sərvətlərimizin dəyərləri istiqamətində tədbirlər həyata keçirdi. Bununla da mənəviyyat sahibləri-elm,ədəbiyyat və incəsənət adamları cəmiyyətdə üstün mövqeyə malik oldular. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra məhz Ümummilli Liderin hakimiyyətə ikinci dəfə qayıdışından sonra bütün sahələrlə yanaşı azərbaycançılıq ideologiyasının milli mənafe baxımından elmi şəkildə konsepsiya halına salınmasında real tədbirlər həyata keçirilmişdi. Artıq cəmiyyətimizdə dövlətin və xalqın milli mənafeyini əks etdirən milli ideologiya formalaşmış və inkişaf etməkdədir.
Ulu Öndər bu ideologiyanı belə qiymətləndirmişdir:-"Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xalqımızın dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır".
Bu gün biz-azərbaycanlılar özümüzü həqiqətən o mənada xoşbəxt hesab etməliyik ki, dahi Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi milli-mənəvi dəyərlərin vəhdətinə sahib ola bilmişdir. Bu tarixi şans bizlərə Heydər Əliyev dühası və Heydər Əliyev zəkası nəticəsində qismət olmuşdur. Heydər Əliyev dövrü Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq yazılmış və xalqımız tərəfindən bu misilsiz xidmətlərheç bir zaman unudulmayacaqdır.
Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru.