Azərbaycanı xoşbəxt gələcəyə aparan dahi şəxsiyyət
İllər keçəcək, əsrlər ötəcək, ulu öndər Heydər Əliyev bir mayak kimi daim Azərbaycan xalqına və digər xalqlara xoşbəxt gələcəyə aparan düzgün yolu göstərəcəkdir.
Artıq ulu öndər Heydər Əliyevin anadan olmasından 99 il ötür. Zaman keçdikcə Ümummilli Liderin dahiliyi daha da aydın görünür.
Ulu öndər Heydər Əliyev demişdir: “XXI əsr Türk əsri olacaq”, “Azərbaycan dünyaya günəş kimi doğacaq”. XXI əsrin başlanğıcında söylənmiş bu ifadələrin real həyatda təcəssümünü yaşadıqca Ulu Öndərin uzaqgörən, fenomen insan olmağının bir daha şahidi oluruq.
1987-ci ilin oktyabr ayında ermənipərəst M.S.Qorbaçov ümumilli lider Heydər Əliyevi vəzifədən uzaqlaşdırdıqdan iki həftə keçməmiş ermənilər baş qaldırdılar və Azərbaycanın problemli günləri başladı.
Ulu Öndərin hakimiyyətdə olmadığı illər
1987-ci ilin oktyabr ayından 1993-cü ilin 15 iyununa - Qurtuluş gününə qədər ölkəmizdə xaos, hərc-mərclik, hakimiyyət davası, torpaqların əldən getməsi, Azərbaycanın müstəqilliyinin itirilməsi və parçalanması təhlükəsi ilə üz-üzə qalması, sosial-iqtisadi qayğılar, çörək növbələri, insanların küçələrə çıxa bilməməsi və digər problemlər hökm sürmüşdür. Bütün bunları biz yaşamışıq. Nə yaxşı ki, müdrik ağsaqqallarımız o vaxt Naxçıvanda yaşayan ulu öndər Heydər Əliyevə müraciət edərək, Azərbaycanı bu problemlərdən ancaq onun qurtara biləcəyini söylədilər. AXC-müsavat cütlüyünün yarıtmaz idarəçiliyindən cana doymuş xalq da bu müraciətə qoşularaq Azərbaycanı bu bəlalardan xilas etmək üçün Ümummilli Lideri ölkə rəhbərliyinə dəvət etdi.
Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbini və ölkəmizin düşdüyü acınacaqlı vəziyyəti təhlil edərək, Azərbaycan naminə ikinci dəfə hakimiyyətə qayıtdı və qısa müddətdə öz fenomen bacarığı ilə respublikamızı düşdüyü bu girdabdan çıxarmağa başladı. Bu yolda ona daxildən və xaricdən çox təzyiqlər oldu. Azərbaycanı istəməyən qüvvələrin daim Heydər Əliyevə qarşı apardığı ədalətsiz mübarizə və hətta çevriliş cəhdləri onu yolundan döndərə bilmədi. Çünki o, Ulu Öndər, Ümumilli Lider, Xalqını, Azərbaycanı özündən çox sevən Heydər Əliyev idi və bu böyük şəxsiyyətin öz Vətəninə göstərdiyi əvəzedilməz xidmət onun bu tarixi fikrində bariz ifadə edilmişdir: “Əgər hər hansı namərd gülləsi məni həyatdan götürərsə, mənim özüm də, övladlarım da Azərbaycan dövlətinin yolunda canımızdan keçməyə hazırıq”.
Ümummilli Lider prezident olduğu dövrdə
Ulu öndər Heydər Əliyev prezident olduğu dövrdə 60-dan çox ölkəyə səfər etmiş, bu səfərlər zamanı Qarabağ həqiqətlərini həmin dövlətlərin liderlərinə və ictimaiyyətinə çatdırmış, 1994-cü ildə atəşkəs elan etməklə ordu quruculuğunun gücləndirilməsinə xüsusi önəm vermişdir.
Ulu öndər Heydər Əliyev haqqında dünyanın lider ölkələrinin rəhbərləri, ictimai-siyasi və din xadimləri çox müsbət, dəyərli fikirlər söyləmişlər. Rəcəb Tayyib Ərdoğan: “Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur”, Corc Buş: “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur”, Vladimir Putin: “O böyük dövlət xadimi idi. Mübaliğəsiz demək olar ki, siyasət nəhəngi idi”, II İohan Pavel: “Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur” və s.
Hələ SSRİ Nazirlər Soveti sədrinin I müavini işlədiyi dövrlərdə 300 milyonluq SSRİ-yə rəhbərliyi zamanı Heydər Əliyevin şəxsində bütün SSRİ-də yaşayan xalqların, xüsusilə rusların azərbaycanlılara qarşı münasibəti ciddi şəkildə müsbətə doğru dəyişmişdir.
1994-cu ildə daxili və xarici təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”ni - böyük neft kontraktını gerçəkləşdirməsi nəinki gələcəkdə Azərbaycana axacaq valyutanın təməlini qoydu, eləcə də Azərbaycanın təhlükəsizlik məsələsini həll etmiş oldu.
Ali Baş Komandan, ölkə başçısı cənab İlham Əliyevi Azərbaycana xilaskar kimi bəxş etdiyinə görə xalqımiz müasir dövlətimizin qurucusu və banisi ulu öndər Heydər Əliyevin ruhuna hər zaman dualar oxumalıdır. Ümummili Liderin dediyi “Mən İlham Əliyevə özüm kimi inanıram” tarixi fikri sadəcə atanın öz istəkli oğlu haqqında dediyi ifadə deyildi. Bu, bütün Türk dünyasının fenomen, müdrik ağsaqqalının potensialını əvvəlcədən bildiyi bir gənc haqqında söylədiyi dəyərli bir fikir idi.
“Ot kökü üstə bitər” deyib atalarımız. Dövlət başçısı cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi gündən, özü dediyi kimi, hər bir azərbaycanlının prezidenti olaraq, ulu öndər Heydər Əliyevin daxili və xarici siyasət kursunu uğurla davam etdirmiş, Azərbaycanı dünyanın mötəbər tədbirlərin keçirildiyi məkana, regionun lider dövlətinə çevirmişdir.
Azərbaycanda olan siyasi sabitlik, sosial-iqtisadi inkişaf, iş yerlərinin açılması, aparılan böyük tikinti-quruculuq işləri, o cümlədən idman olimpiya komplekslərinin tikilməsi, idmançılarımız tərəfindən qazanılan qızıl medalların, yüksək nəticələrin sayının ilbəil artması, Azərbaycanın bölgələrinin, xüsusilə Bakının gündən-günə gözəlləşməsi və hayata keçirilən digər böyük işlər ulu öndər Heydər Əliyev kursunun inamla və müvəffəqiyyətlə davam etdirilməsindən xəbər verir.
44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər Azərbaycan tarixində misli görünməmiş bir qələbədir. Müzəffər Ali Baş Komandan İlham Əliyev prezident olduğu zamandan etibarən hər gün Azərbaycanı bir addım qələbəyə yaxınlaşdırırdı. Belə ki, ordu quruculuğu, iqtisadiyyatın inkişafı, digər ölkələrlə qarşılıqlı və çoxtərəfli faydalı münasibətlərin qurulması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycanın beynəlxalq aləmdə özünə layiqli yer tutması və etibarlı tərəfdaş kimi tanınması və s. 44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbənin başlanğıcı idi.
Belə bir hikmətli kəlam var: “Müdrik sərkərdə əvvəlcə müharibəni udur, sonra döyüşə başlıyır”. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Nəyi nə vaxt, necə etmək lazımdır, bunu mən bilirəm!” Və həmin həlledici məqam yetişdi. Azərbaycanın haqq döyüşündə, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında rəşadətli Ordumuzun igid əsgər və zabitlərinin canı və qanı bahasına əldə olunmuş möhtəşəm Zəfər nəinki xalqımızın, bütün Türk dünyasının qamətini düzəltdi, qürurlandırdı. Bu böyük fəxarəti bizə yaşadan ölməz Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə uzun ömür, cansağlığı diləyirik.
44 günlük Vətən müharibəsində qazanılan böyük Qələbə şanlı tariximizə müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlı olaraq qızıl hərflərlə yazılacaq.
Qızıldan imza atdın
Tarixin yaddaşına.
Şanlı bir tarix yazdın
Vətənin savaşına.
Prezidentim İlhamım!
Ali Baş Komandanım!
Qarabağı almağı
Məqsəd qoydun qarşına.
Dəmir Yumruq endirdin
Düşmənlərin başına.
Prezidentim İlhamım!
Ali Baş Komandanım!
Alqış sizə, min yaşa,
Ərdoğanla dur qoşa.
Qələbə çal, zəfər çal,
Düşməni döndər daşa.
Prezidentim İlhamım!
Ali Baş Komandanım!
Azərbaycan-Türkiyə
Bir millət –iki dövlət.
Haydı çatıb zamanı
Yarat böyük Turanı.
Prezidentim İlhamım!
Ali Baş Komandanım!
Qaytardın torpaqları,
Yandırdın ocaqları.
Bayram deyər bir daha
Ucaltdın bayraqları.
Prezidentim İlhamım!
Ali Baş Komandanım!
Biz unutqan olmamalıyıq! Bu günümüzün qədrini bilməliyik. Gənc nəsillərə bu xoşbəxt günlərə hansı çətin, keşməkeşli yollarla gəlib çıxmağımızı başa salmalıyıq. Hər zaman ayıq-sayıq olmalıyıq. Azərbaycanı sevməyən şər qüvvələrin cavabını yerindəcə verməliyik. Ümummilli liderimiz Heydər Əliyevin işıqlı yolunu, onun daxili və xarici siyasətini böyük uğurla davam etdirən müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək Azərbaycanı xoşbəxt gələcəyə aparmaq üçün əlimizdən gələni etməliyik.
Bayram YUSİFOV
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini,
“Gəncəli” İstehsalat Kommersiya şirkətinin rəhbəri