Britaniyalı parlamentari siyasi naşılıq göstərib
Britaniya parlamentində Ukrayna-Rusiya müharibəsi ilə bağlı məsələ müzakirə edilərkən Leyboristlər partiyasının parlamentdəki xanım təmsilçisi Marqaret Hodcun xarici işlər naziri Liz Trassa müraciət edərək Azərbaycanı və Qazaxıstanı Putinin səylərinə dəstək verməkdə ittiham etməsi və “Qazaxıstan və Azərbaycanın da sanksiyalar siyahısına daxil edilməsi məsələsinə baxılırmı?” deyə nazirə sorğu ünvanlaması həm siyasi naşılıq nümunəsidir, həm də hansısa dairələrin qərəzli sifarişinin yerinə yetirilməsi cəhdidir.
Hərçənd ki, xanım Marqaret Hodc siyasətdə təzə adam deyil. O, kifayət qədər təcrübəli siyasətçidir. Belə bir siyasətçi faktı dəqiqləşdirmədən səsləndirməməli, ictimailəşdirməməlidir. Böyük Britaniya kimi zəngin siyasi ənənələri, çoxəsrlik parlamentarizm tarixi olan bir ölkənin deputatının əsl həqiqətləri gözardı edib, heç bir əsas olmadan Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini gündəmə gətirməsi onun bir siyasətçi kimi qeyri-ciddiliyini göstərir, eyni zamanda siyasi sifariş yerinə yetirdiyini ortaya qoyur. Yoxsa, o, əsl həqiqətləri bu qədər həyasızcasına danmazdı.
Əsl həqiqət isə bundan ibarətdir ki, Azərbaycan qanlı müharibənin tezliklə dayandırılması üçün vasitəçilik təşəbbüsü ilə çıxış edib, Ukrayna ilə Rusiya arasında vasitəçilik etməyə hazır olduğunu bildirib. Həmçinin dövlətimiz tərəfindən Ukraynaya humanitar yardım göstərilib. Bakıdakı Ukrayna səfirliyinin qarşısında keçirilən dəstək aksiyasını isə az qala bütün dünya KİV-ləri işıqlandırıb. Əgər Marqaret Hodc bütün bunlardan xəbərsizdirsə, bu bizim günahımız deyil.
Bir ingilis parlamentarisinin bu cür real faktları görmədən, bilmədən ağzına gələni danışması həqiqətən də ayıbdır. Marqaret Hodc kimi məsuliyyətsiz siyasətçilər bu cür qərəzli və yalan ittihamları ortaya atmaqla bütövlükdə Britaniya-Azərbaycan münasibətlərində soyuqluq yaratmağa çalışırlar. Görünən budur ki, M.Hodc öz şəxsi mənafelərini İngiltərənin strateji maraqlarından üstün tutur.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri