Rusiya-Ukrayna müharibəsi Çin-ABŞ müharibəsinə çevrilib
Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya–Ukrayna müharibəsinə Çinin təsiri ilə bağlı verdiyi açıqlama sözün əsl mənasında bugünkü reallığı əks etdirir. Hələ bir müddət əvvəl qeyd etmişdim ki, Rusiyanın Ukraynada apardığı müharibə artıq ABŞ–Rusiya müharibəsi deyil, ABŞ - Çin müharibəsinə çevrilib. Və bu gün müharibənin dayanmamasının ən əsas şərtlərindən biri Çinin Rusiyaya təsiridir və Çinin bu müharibədən doğan maraqlarıdır. Qənaət budur ki, davam edən Rusiya–Ukrayna müharibəsi Rusiyanı Çinin həm iqtisadi, həm də hərbi cəhətdən tamamilə asılı vəziyyətə salır.
Əgər ABŞ bu müharibədən ancaq iqtisadi gəlir əldə edirsə, Çin həm iqtisadi, həm də ən əsası strateji milli və dövlət maraqlarının təmininə, daha dəqiqi Çinin Rusiyanı həzm etməsinə (udmasına), mənimsəməsinə şərait yaradır. Ona görə də Rusiya–Ukrayna müharibəsinin dayandırılmasında ABŞ-ın, xüsusən də Donald Trumpın göstərdiyi səylər nəticə vermir. Müharibə davam etdikcə Rusiya Çindən daha da asılı vəziyyətə düşür.
Rusiyanın bu gün Çindən asılılığı elə bir vəziyyət yaradıb ki, artıq Rusiya Ukraynada apardığı müharibə ilə bağlı konkret olaraq özü qərar vermək iqtidarında deyil və Çinin müharibənin davam etdirilməsində maraqlı olması, müdaxiləsi Rusiyanın əlini-qolunu bağlayıb. Yəni, qlobal miqyasda ABŞ - ın Çinə qarşı apardığı müharibə – həm iqtisadi, həm də hibrid müharibə artıq Ukrayna meydanına gətirilib.
Ukrayna rəsmiləri də başda olmaqla dünyanın aparıcı siyasətçilərinin, mütəxəssislərinin açıqlaması da onu göstərir ki, əslində, Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında əsas söz sahibi, təsir qüvvəsi məhz bu gün Çinə məxsusdur və vəziyyət Çindən asılıdır. Ona görə də bu müharibə, əslində, Çin-ABŞ müharibəsi olaraq davam edir.
Bu günlərdə Rusiya - Ukrayna müharibəsi ətrafında müşahidə etdiyimiz miqyasın genişlənməsi ehtimalı Rusiyanın asılılıq faktorudur. Analizlər göstərir ki, son Şanxay Əməkdaşlıq Təşkilatının geniş tərkibdə keçirilən görüşündən sonra Rusiyanın NATO dövlətlərinə qarşı atdığı təxrikedici (Polşaya dron hücumu) addım təbii ki, razılaşdırılmış əməliyyatdır və müharibənin genişlənməsi Çinin maraqlarına xidmət edir. NATO ölkələrinə qarşı kampaniyanın başlaması, həmçinin Çinin Rusiya vasitəsilə ABŞ başda olmaqla, bütövlükdə NATO-nun imkanlarının, gücünün yoxlanılması kimi qəbul edilməlidir. Bu yoxlama Çinin Tayvan məsələsinin həlli üçün olduqca önəmlidir.
Müharibə arealının genişlənməsi üçüncü dünya müharibəsi ehtimalını gündəmə gətirsə də, regional qarşıdurmalardan başqa, böyük güclərin birbaşa hərbi toqquşmaları mümkün deyil. Yəni, maraqlar ikinci, üçüncü dövlətlər hesabına təmin edilir. Ancaq təhlillər göstərir ki, Çin, Rusiya, Şimali Koreya, İran və bir sıra digər dövlətlər ABŞ-ın, NATO-nun hegemonluğuna son vermək niyyətindədir. Serbiyada, Fransada gedən proseslər də qlobal qarşıdurmanın tərkib hissəsidir. Hətta ABŞ-ın Belarusa yaxınlaşmaq cəhdi də.
Bir məsələ də var ki, beynəlxalq qarşıdurma, çəkişmələr İsrailin öz strateji milli hədəflərinə çatması üçün əlverişli vəziyyət yaradır. İsrail demək olar ki, bütün qonşu ərəb ölkələrinə təzyiq, psixoloji təhdid həyata keçirir. Ərəb dövlətləri nəinki Fələstini, Qəzzanı düşünür, onlar üçün özlərini qorumaq artıq əsas məqsəd olub. İsrailə də vacib idi ki, ərəb dövlətləri Fələstinin, Qəzzanın ölkələrinə təhlükə yaratdığı qənaətinə gəlsinlər və artıq İsrail psixoloji nəticə əldə edib. Xeyli müddətdir qeyd etdiyim kimi, İsrail Qəzza, Fələstin və bir sıra ərəb dövlətləri hesabına öz ərazilərini əhəmiyyətli dərəcədə genişləndirə biləcək, təbii ki, proses verilmiş razılıq əsasında.
Vüqar Dadaşov
Son xəbərlər
