“Daşnaksütyun” faktiki olaraq Azərbaycan üçün legitim hədəfdir
Vasif Əfəndi
Siyasi ekspert
Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə “Daşnaksütyun” partiyasının üzvü Artur Xaçatryan açıq şəkildə bildirib ki, onların siyasi qüvvəsinin son məqsədi Azərbaycanı və Türkiyəni məhv etməkdir. Onun sözlərinə görə, partiyanın hakimiyyətə can atmasının əsas səbəbi də məhz bu hədəflə bağlıdır.
Belə mövqeyin mövcudluğu təkcə regionda deyil, Ermənistanın özündə də dövlət təhlükəsizliyi üçün birbaşa təhdid sayılmalıdır. Bu, həm də siyasi hakimiyyəti zorla ələ keçirmək niyyəti kimi qiymətləndirilə bilər, həm də bütün beynəlxalq normalara və BMT nizamnaməsinə zidd olaraq qonşu ölkəyə təcavüz planları kimi qiymətlənirilməlidir. Eyni zamanda, belə açıqlamalar “Daşnaksütyun”u faktiki olaraq Azərbaycan üçün legitim hərbi hədəfə çevirir və bu Azərbaycana öz milli maraqlarını və dövlətçiliyini qorumaq üçün hərəkətə keçməyə zəmin yaradır. Partiyanın parlamentdə təmsil olunub-olunmamasından asılı olmayaraq, onun fiziki mövcudluğu regionda hərbi risklər doğurur. Əgər kimsə Türkiyəni və Azərbaycanı məhv etmək məqsədi daşıdığını bəyan edirsə, təbii ki, Türkiyə və Azərbaycan da adekvat addımlar atmağa hazır olmalıdır.
“Daşnaksütyun”un ideoloji xətti ilə Baş nazir Paşinyanın irəli sürdüyü “Sülh və əməkdaşlıq qovşağı” (Crossroads of Peace) konsepsiyası mahiyyət etibarilə bir-birini inkar edən yanaşmalardır. Bu, seçim tələb edən bir situasiyadır və Ermənistan tam şəkildə sülh razılaşmasına çıxmalıdır.Ermənistan parlamentinin iclaslarında hələ də saxta “Artsax” bayraqları masaların üzərində qoyulmuş vəziyyətdədir.
Əgər Ermənistan həqiqətən regional əməkdaşlığa və “Sülh qovşağı” layihəsinə üstünlük verirsə, onda “Daşnaksütyun” ölkə daxilində siyasi fəaliyyət üçün qəbuledilməz sayılmalı, qanunla qadağan edilməlidir. Mövcud geosiyasi şəraitdə bu addım Ermənistan üçün həm rasional, həm də təhlükəsizlik baxımından ən düzgün yol görünür.
Son xəbərlər
