"Azərbaycan, Türkmənistan və Özbəkistanın əməkdaşlığı regionda sabitliyə və inkişafa xidmət edir"
Əsrlər boyu ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərlə bir-birinə bağlı olan türk dövlətləri bu gün regional əməkdaşlığın dərinləşdirilməsi və qlobal miqyasda birlik modelinin yaradılması yolunda mühüm addımlar atırlar. Prezident İlham Əliyevin Türkmənistana son işgüzar səfəri də bu baxımdan xüsusi önəm daşıyır. Bu səfər yalnız ikitərəfli münasibətlərin möhkəmlənməsi ilə kifayətlənmir, eyni zamanda Azərbaycan, Türkmənistan və Özbəkistan arasında çoxşaxəli əməkdaşlığın yeni mərhələsinə yol açır.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında qeyd edib.
K.Bayramov bildirib ki, bu görüş, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi və regionda sülhün, sabitliyin təmin olunması istiqamətində atılan mühüm addımlardan biridir. Azərbaycan və Türkmən xalqları təkcə dil və mədəni baxımdan deyil, ortaq türk kökləri, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətləri ilə də bir-birinə bağlıdır. Bu dərin bağlar əsrlər boyu Xəzərin iki sahilində formalaşmış ortaq kimlik və qardaşlıq ruhuna söykənir. Bu gün də həmin ortaq dəyərlər üzərində qurulan əlaqələr strateji əməkdaşlığa doğru inkişaf edir.
Prezident İlham Əliyevin Türkmənistan səfərinin ən mühüm məqamlarından biri Azərbaycan, Türkmənistan və Özbəkistan arasında keçirilmiş yüksək səviyyəli üçtərəfli görüş oldu. Səfər çərçivəsində Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksəksəviyyəli görüş keçirilmiş, regional əməkdaşlıq və strateji tərəfdaşlıq məsələləri müzakirə olunmuşdur. Dövlət başçımız çıxışında xüsusi olaraq vurğuladı ki, bu üç qardaş ölkə Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən olduqca əhəmiyyətli coğrafi mövqeyə sahibdir. Bu üstünlüyü real iqtisadi gücə çevirmək üçün nəqliyyat və tranzit sahəsində yeni imkanlar meydana çıxıb. Görüşdə də qeyd olunduğu kimi, Orta Dəhlizin inkişafı, liman infrastrukturunun genişləndirilməsi, dəmir yollarının bir-birinə bağlanması və bu sahədə koordinasiyanın gücləndirilməsi konkret gündəmdədir.
Deputat diqqətə çatdırıb ki, son illər Türk dövlətləri, o cümlədən Türkmənistanla münasibətlərin inkişafı ölkəmizin xarici siyasətində yeni, strateji mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Xüsusilə Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri və onun işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri ilə yerində tanışlığı bu əlaqələrin dərinliyini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri çərçivəsində Füzuli şəhərində məscidin inşa olunması qərarı isə təkcə dini abidənin yaradılması deyil, iki qardaş xalqın mənəvi birliyinin simvolu kimi tarixə düşəcək. Eyni zamanda Füzuli və Arxadağ şəhərləri arasında qardaşlaşma protokolunun imzalanması mədəni-humanitar sahədə münasibətlərə yeni nəfəs verir.
K.Bayramov əlavə edib ki, Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə baş tutan üçtərəfli yüksək səviyyəli görüş bir daha göstərdi ki, türkdilli dövlətlər arasında əməkdaşlıq yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır, həm də çoxşaxəli və strateji mahiyyət daşıyan yeni platformalara çevrilir. Görüşdən sonra liderlərin mətbuata verdikləri bəyanatlar bu əməkdaşlığın yaxın gələcəkdə hansı istiqamətlərdə inkişaf edəcəyinə dair aydın mesajlar verdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu format bölgədə sülhə, sabitliyə və tərəfdaşlığa yönəlmiş yeni, perspektivli əməkdaşlıq modelidir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu tarixi görüşün nəqliyyat, ticarət və energetika dəhlizlərinin inkişafına təkan verəcəyini və regional inteqrasiyanı gücləndirəcəyini xüsusi vurğuladı. Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov isə bu görüşün üç ölkə arasında əlaqələrin yeni mərhələyə keçidinə xidmət etdiyini bildirdi.
Bu çıxışlar onu deməyə əsas verir ki, regional əməkdaşlıq yeni reallıqlar fonunda daha da dərinləşir və Türk dünyası daxilində strateji yaxınlaşma əyani şəkildə özünü göstərir. Göründüyü kimi, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında formalaşan yeni əməkdaşlıq modeli regionda sabitliyin, iqtisadi inkişafın və nəqliyyat-tranzit potensialının gücləndirilməsinə xidmət edir. Bu strateji tərəfdaşlıq Türk dünyasının birlik və həmrəyliyinin real təzahürüdür.
Son xəbərlər
