Xamenei, farslar və ruslar niyə Pezeşkianı devirmək istəyir?
Sirr deyil ki, Məsud Pezeşkianın İran prezidenti seçilməsi Ali Dini Lider Xamenei və fars şovinizminə xidmət edən SEPAH və xüsusi xidmət orqanlarının razılığı olmadan mümkün deyildi. SEPAH, ruhani elita və ideoloji mərkəzin birbaşa məqsədi fars dominantlığını qorumaqdır. Etnik azərbaycanlı Pezeşkianın prezident seçilməsi əslində fars molla rejiminin özünü qorumaq üçün sipər kimi istifadə etdiyi bir taktiki gediş idi. İsrail-İran 12 günlük müharibədə fars rejiminin Pezeşkianla bağlı hesablamaları özünü doğrultdu. Ali Dini Liderin toxunulmazlığı, rejimin qorunmasında məhz Pezeşkianın etnik mənsubiyyət faktorunun təsiri danılmazdır.
Artıq şübhə yoxdur ki, fars molla rejimi ABŞ və İsraillə razılaşma əldə etdikdən sonra və rejimin devrilməyəcəyinə əmin olduqdan sonra Məsud Pezeşkianı hər hansı bir yolla prezident postundan kənarlaşdırmağı planlayır.
Artıq prosesə mərhələli şəkildə start verilib. Pezeşkianın seçilməsindən bir neçə həftə sonra, mühafizəkar deputatlar onu “inqilaba xəyanət”, “separatizmə meyil” və “dövlətin zəiflədilməsi” ilə ittiham etməyə başladı.
Qum deputatı Müctəba Zünnur deyir: “İnqilab satıla bilməz.”
Tehran meri Zakani Pezeşkianı “Qərbin projesi”, Məşhəd deputatı Əhməd Rəsuli Nejad isə Pezeşkianı "etnik və sekulyar məsələləri qabartmaqla dövlətin birliyini pozur" - deyə açıqlama verir. Bu şəxslər hamılıqla SEPAH-la ideoloji bağlı olan deputatlardır. Təbii ki, bu ritorika Pezeşkianın devrilməsi üçün ideoloji zəmin yaratmaq məqsədi daşıyır. Hücumlar təkcə fars rejiminin nümayəndələrindən gəlmir – SEPAH, sosial mediada anonim kampaniyalarla, ruhani çevrələr isə dini fitvalarla bu basqını dərinləşdirir. Şübhə yoxdur ki, SEPAH və parlamentin Pezeşkiana qarşı ritorikası eyni mərkəzdən təşkil edilir və bu basqıda Xameneinin susqunluğu onun razılığı və dəstəyi anlamına gəlir.
Pezeşkian türkcə danışır, milli kimlikdən danışır. Qərbə “gəlin anlaşaq” deyir. Bu əsas üç xətt Xameneinin, fars rejiminin ideoloji sisteminə tamamilə ziddir. Ona görə də Xamenei susur – çünki hələlik dözümlülük dövrüdür. Üstəlik, Pezeşkian Cənubi Azərbaycan faktoruna hörmətlə yanaşır. Azərbaycan Respublikası ilə münasibətləri çox yaxşı, Zəngəzur dəhlizi ilə bağlı neytrallıq nümayiş etdirir.
Pezeşkianın mövqeyi və ritorikası təkcə fars şovinistlərini yox, eyni zamanda İranın regional və strateji partnyoru Rusiyanı çox narahat edir.
Kreml üçün İran təkcə siyasi partnyor deyil – həm də sanksiyalardan yayınmaq üçün iqtisadi imkan və həm də Yaxın Şərqdə geosiyasi manevr üçün vasitə, iştirakçıdır. Rusiya hələ seçki dövründə belə Pezeşkiana etimad etmirdi. Seçkidən sonra Kremlə yaxın medialar, Teleqram kanallarında Pezeşkianı “ABŞ-ın İranı fəth planı” kimi təbliğ etməyə başladı.
Ruslar üçün Pezeşkian, İranın Qərbə inteqrasiyası və Azərbaycan-Türkiyə cəbhəsinin güclənməsi kimi düşünülür. Pezeşkianın Qərblə anlaşma çağırışları, Avropa ilə enerji əməkdaşlığı, Azərbaycanla münasibətləri normallaşdırmaq istəyi birbaşa Rusiya maraqları ilə toqquşur. Rusiya İranın Qərbə açılmasına qarşıdır və Azərbaycan-Türkiyə ittifaqına qarşı İranla koordinasiyalı fəaliyyəti ilə bölgədə güclənməsinə imkan verməmək niyyətini güdür.
Maraqlar Xameneini, İran fars rejimini, SEPAH-ı və Rusiyanı Pezeşkiana qarşı eyni cəbhədə birləşdirir. Təsadüfi deyil ki, Kreml sahibləri Pezeşkianla deyil, Xamenei və SEPAH nümayəndələri ilə mühüm danışıqlarını aparır.
("Fars rejimi niyə azərbaylı Pezeşkianı İran prezidenti seçdi?" 2024 - cü ildə yazmışam: https://www.facebook.com/share/p/19JdLttZr3/)
Vüqar Dadaşov
31.07.2025