İranın parçalanması ehtimalı artır
ABŞ İranın (Fordo, Natanz və İsfahan) əsas nüvə obyektlərinə zərbə endirməklə bir növü İsrailin, faktiki isə ABŞ və Böyük Britaniyanın İrana qarşı başladığı müharibəyə son verməyə imkan yaradıb. Sözsüz ki, əgər İran nəticəni qəbul edərsə hansı ki, ehtimalı azdır. Məlumat var ki, İran Fordo və digər obyektlərdən ABŞ-ın hücumuna qədər zənginləşdirilmiş uranın yerini dəyişib və İrandan verilən rəsmi açıqlamaya görə, Tehran nüvə proqramını davam etdirmək niyyətindədir. İran saflaşdırılmış uranın Rusiya ərazisinə keçirdiyi variantı da istisna deyil. İranın ali dini lideri Əli Xameneinin müşaviri Əli Şamxani "İranın nüvə obyektləri məhv edilsə də saflaşdırılmış uran, bilik, siyasi iradə qalacaq"-deyə bildirib. Əli Şamxaninin açıqlaması həm də, hücumdan sonra nüvə proqramının dayandığının etirafı olaraq, İrana qarşı hücumları durdurmaq niyyəti kimi, xarakterizə oluna bilər.
ABŞ-ın İranla danışıqlarında əsas tələbləri nüvə proqramına son verməsi, ballistik raket texnalojiyasından imtina etməsi idi. Artıq, ABŞ-ın İranın nüvə obyektlərinə və ballistik raket zavodlarına hücumundan sonra, İrandan tələb olunan hər iki səbəb-şərt yerinə yetirilib. ABŞ həm də bu hücumda yeni "Mor" silahını da sınaq edib. Böyük Britaniya ABŞ - ın İranın nüvə obyektlərinə zərbəsini dəstəklədiyini və hücum öncəsi məlumatlandırıldığını açıqlayıb.
Müharibənin isə daha da genişlənmə ehtimalı artır. Yəmən İran və İsrail arasında müharibəyə qoşulmağa hazır olduğunu bəyan edib. Həmçinin, İran XİN başçısı Abbas Araqçinin Rusiya səfəri çərçivəsində prezident Putinlə görüşü gözlənilir. Çin isə İrana hərbi dəstəyini davam etdirir. Hazırda da, İran İsrailə raket hücumlarını davam etdirir. Üçüncü nəsil raket sistemlərinin İran tərəfindən tətbiqi, İranın imkanlarının geniş və hələ tükənmədiyini göstərir. Əgər İran müqavimətini davam etdirərsə, İranda rejim gəyişikliyinə gedilə bilər. Ali dini lideri Xamneinin harada olduğu barədə və öldürülməsinin mümkünlüyü ilə bağlı Donald Tramp bir neçə dəfə eham da vurub. İİranın zənginləşdirilmiş uranı təhvil verməsi də yeni tələb kimi irəli sürülə bilər. İranın zənginləşdirilmiş uranın Rusiyaya ötürülməsi səbəbi də, məhz həmin materialın qarşı tərəfin əlinə keçmə ehtimalı ilə əlaqəlidir. Xamneinin hakimiyyətdən uzaqlaşdırılması İranın parçalanmasına ehtimalını artırır. Qərb üçün isə İranın parçalanması arzuolunan deyil.
İran prezidenti Masud Pezeşkianın ABŞ-ın hücumlarına cavab veriləcəyini açıqlasa da, İranın ABŞ - ın regionda hərbi bazalarına, obyektlərinə əhəmiyyətli hücum etməyəcək. Təbii ki, cavab əsasən İsrailə yönəldiləcək. İran rəsmi olaraq "Hörmüz körfəzini" bağlamaq kimi, kritik bir həmlə edə biləcəyini açıqlayıb. Ancaq, İran "Hörmüz körfəzini" bağlayarsa, bu İranın tam əleyhinə olan beynəlxalq vəziyyət yaradacaq. İranı çox zəiflədəcək, ərəb ölkələrinin də bu müharibədə münasibəti İsrailin, ABŞ-ın xeyrinə dəyişəcək. Rusiyanın da bu arada iqtisadi-siyasi imkanları genişlənəcək. ABŞ dövlət katibi Marko Rubio İranın "Hörmüz körfəzini" bağlayacağını böyük səhv adlandırıb. Həmçinin, ABŞ İranın "Hörmüz körfəzini" bağlayacağı təqdirdə keçidin təhlükəsizliyini təmin edəcəyini bildirib. İran sülhə məcburdur.
Vüqar Dadaşov