Əslində, 44 günlük müharibə, 2023-cü il antiterror əməliyatı Rusiyanın...
Əsl həqiqətdə, 44 günlük adlandırdığımız Vətən müharibəsi və 2023-cü il 19-20 sentyabrda bir günlük antiterror əməliyyatının hərbi-siyasi nəticələrindən daha çox və olduqca vacib olan dünyanın köhnə nızamını dəyişə bilən tarixi-idealoji təsiri oldu.
Əlbəttə ki, bu tarixi dövrün iştirakçıları-müasirləri kimi gedən proseslərə belə bir qısa zaman çərçivəsindən qiymət vermək elə bəlkə də doğru deyil. Ancaq, artıq inkaredilməz qənaətlər ortadadır. İlk növbədə, Azərbaycan ikinci Qarabağ müharibəsindəki qələbəsi ilə ərazi bütövlüyünü, suverenliyini bərpa etməklə, onlardan da daha vacib olanı - özünün faktiki tam dövlət müstəqilliyini qazandı. Rusiyanın Azərbaycana dəyişməz düşmənçiliyinin daha da dərinləşməsinin ən əsas səbəbi budur.
Məsələ elə burasındadır ki, SSRİ - dən (Rusiyadan) keçmiş sovet respublikaları özlərinin müstəqilçiyini elan etmiş olsalar da və bundan 30 ildən çox vaxt keçsə də, respublikalarının əksəriyyəti Rusiyanın müdaxiləsi ilə faktiki müstəqil dövlət ola bilməyib. Rusiyanın Moldovada Dnestryanı, Gürcüstanda Abxaziya, Cənubi Osetiya, Ukraynada Krım, Luqansk, Doneçskdə yaratdığı və davam edən müharibə bu keçmiş sovet respublikalarına Rusiyanın asılılığından çıxmağa, müstəqil olmağa imkan vermir. Rusiya tərəfindən belə konfliklərini yaradılması hədəfi həmin respublikaların müstəqilliyini əngəlləməkdir. Ukrayna müstəqil olmağa cəhd etdi, ancaq Rusiya indiki mübaribə ilə prosesi dayandırdı. Əgər, Belarusiya da müstəqil olmağa və Rusiyadan qopmaq istəsəydi heç şübhəsiz ki, Rusiya tərəfindən daha qısa zamanda işğal olunacaq və Rusiyanın bir vilayətinə çevriləcəkdi. Rusiya prezidenti Vladimir Putinin SSRİ - nin dağılmasına dəfələrlə təəsüflənməsi və bütün hərbi əməliyyatlarında SSRİ-nin bayrağından istifadə etməsi bütün keçmiş sovet respublikalarının müstəqilliyini qəbul etməməsinin sübutudur. Deyəndə ki, Ukrayna əslində bütün dünya və keçmiş sovet respublikaları üçün vuruşur - bu həqiqətdir.
Tokayev hakimiyyəti ilə Qazaxıstan da Rusiyadan asılı vəziyyətdədir, ələlxüsus Nursultan Nazarbayevin Rusiyanın köməyi ilə faktiki hakimiyətdən uzaqlaşdırılması hesabına Tokayev Qazaxıstanını orbitinə qaytardı. Tacikistan isə Rusiya asılılığından çıxmağa heç ciddi cəhd də etməyib. Orta Asiya türk respublikalarının yunan Kiprin tanımağı və səfirlik açmaq istəyi, Avropa vasitəsilə Rusiyadan qopmağa cəhddir.
Azərbaycan ikinci Qarabağ müharibəsi ilə Rusiyanın bütün regional siyasi planlarını böyük sual altına aldı. Artıq Azərbaycan keçmiş sovet respublikalarının real müstəqilliyi üçün bir nümunə, bir stimul olub. Bu da öz növbəsində Rusiyanın özünün arxa baxçası hesab etdiyi keçmiş sovet respublikaları ərazisində nüfuzunun itirməsinə gətirib. Əgər, Rusiya keçmiş sovet respublikalarına təsirini itirirsə, onun qlobal güc mövqeyi də məhv olur. Təbii ki, Rusiya bunun qarşısını almağa çalışır. Demək, Azərbaycan nümunəsi Rusiyanı ən çox qıcıqlandıran və onu Rusiyanın ilk hədəfinə çevirən şərtdir.
Azal-ın sərnişin təyyarəsinin Rusiyada vurulması, vurulma faktının cinayətkarcasına gizlədilmə cəhdi, kiber hücumların təşkili, Azərbaycanda xüsusi xidmət orqanlarının fəaliyətinin ifşası, Azərbaycan rəsmilərinə qarşı qeyri diplomatik davranışları Rusiyanın Azərbaycana qarşı daimi düşmənçiliyinin son nümunələridir. Hətta, Azərbaycan prezidentinin təyyarəsinə Rusiyanın hava məkanında elektron müfadilə ilə bağlı məlumatlar da var.
Artıq, Rusiya Azərbaycana əhəmiyyətli təsir imkanlarından məhrum olub. Son zamanlarda Rusiyadan Azərbaycana ən yüksək səviyyədə rəsmilərin və hətta Rusiya patriarxı Kirilin səfəri gərgin münasibətlərin əlamətləridir və Azərbaycanı öz təsir dairəsinə qaytarmaq cəhdidir. 9 May paradına Putinin dəvətinin keçərli olmamasını, Tacikistan prezidenti İmamali Raxmon, Belarusiya prezidenti Lukaşenkonun birlikdə Azərbaycan prezidenti İlham Əliyevə iştirak dəvəti üzə çıxarır.
Əslində, 44 günlük müharibə, 2023 antiterror əməliyatı, Rusiyanın SSRİ-ni diriltmək planlarının məhvi və keçmiş sovet respublikalarının real müstəqilliyi üçün nümunə, Rusiyanı qlobal güc imicindən məhrum edən qələbədir.
Vüqar Dadaşov