Azərbaycanla İran arasında münasibətlər yeni mərhələyə qədəm qoyub
Ortaq dini və mədəni dəyərlərə sahib olan Azərbaycan və İran arasında münasibətlər qədim tarixə malikdir. Təəssüf ki, Azərbaycan ötən əsrin 90-cı illərin əvvəllərində dövlət müstəqilliyini bərpa etdikdən sonra iki dövlət arasında münasibətlər qənaətbəxş olmamışdır. Lakin Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə qayıdışı Azərbaycanın bütün sahələrdə olduğu kimi xarici siyasətində də köklü dəyişikliklərə gətirib çıxarmış oldu. Ulu Öndərin layiqli davamçısı Möhtərəm cənab Prezident İlham Əliyevin dövlət başçısı seçilməsi isə Azərbaycan-İran münasibətlərində yeni bir mərhələnin başlanğıcını qoymuş oldu.
Münasibətlərin dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin dərinləşməsində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan cari ilin aprel ayının 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri Azərbaycanla İran arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Səfər çərçivəsində qonaq dövlət başçısının Möhtərəm cənab Prezident tərəfindən qarşılanması, keçirilmiş ikitərəfli görüş və mətbuata verilən bəyanatlar Azərbaycanla İran arasında mövcud olan tarixi dostluq və qardaşlığın təzahürü idi.
Hər iki dövlət başçısı mətbuata verdiyi bəyanatlarda Azərbaycanla İran arasında son illərdə dərinləşən dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edərək dünyaya mühüm mesajlar verildi. Mətbuat konfransında çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayan Azərbaycan və İran arasındakı dövlətlərarası münasibətlər bu gün möhkəm təməl üzərində inkişaf edir və İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür.
Dünyanın yeni geosiyasi vəziyyətində öz milli suverenliyini tam bərpa etmiş Azərbaycan Respublikası regionda yeni reallıqlar yaratmışdır. Hazırda ölkəmiz həyata keçirdiyi layihələrlə təkcə özünün deyil, bütün bölgə ölkələrinin rifah yüksəlişinə böyük töhfələr verir. Məhz bunun nəticəsidir ki, həyata keçirilən bu layihələr regionda sülh və əməkdaşlıq imkanlarının inkişafına, həmçinin region ölkələri arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə stimul yaradır. Bu baxımdan son illərdə Azərbaycan Respublikası ilə qonşu İran İslam Respublikası arasında əməkdaşlıq müxtəlif istiqamətlər üzrə inkişaf edir. Xalqlarımız əsrlər boyu bir yerdə yaşayıb-yaratmışlar və bu gün məhz bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb.
Sevindirici haldır ki, həm beynəlxalq məsələlərlə əlaqədar, həm də regional təhlükəsizlik məsələləri ilə bağlı olan fikirlər üst-üstə düşür və bu, bölgənin sabitliyi üçün çox önəmli bir amildir. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan-İran münasibətləri dost və müttəfiqlik səviyyəsinə qədər yüksəlmişdir.
Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri