İran Avropa İttifaqının SEPAH-la bağlı qərarına cavab verəcək
İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri ilə görüşündə deyib ki, parlament Avropa İttifaqının SEPAH-a qarşı atdığı istənilən addıma qəti şəkildə cavab verməyə hazırdır.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf şənbə günü İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlami ilə görüşüb.
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, görüşdə Avropa İttifaqının (Aİ) SEPAH-I terrorçu təşkilat elan etməsi məsələsi müzakirə edilib.
Qalibaf avropalıları səhvlərini düzəltməyə çağırıb.
General-mayor Səlami isə bildirib ki, SEPAH-ın səyləri olmasaydı, amerikalıların yaratdığı İŞİD terror vulkanı avropalıları bürüyəcək və bu gün Avropada təhlükəsizlik məhv olacaqdı.
SEPAH-ın bu cür təhdidlərdən qorxmadığını əsas gətirən Salami, "Avropalılara keçmiş səhvlərini təkrarlamamağı tövsiyə edirik" deyib.
General-mayor Salami Aİ-nin qanunsuz addımına qəti cavabı müzakirə etmək üçün İran parlamentinin bazar günü keçiriləcək iclasında iştirak etməyə hazırlaşır.
Avropa Parlamenti yanvarın 19-da SEPAH-ı qara siyahıya salmağa çağıran qətnamə qəbul edib. Qətnamə bununla bağlı qərar qəbul edilməsi üçün Avropa Şurasına göndərilib.