"Putinin birbaşa qərarıdır" - "Əsəd Suriyaya verilməyəcək"
Rusiya Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ekstradisiyası tələbini rədd edib.
Bu barədə Rusiyanın İraqdakı səfiri Alperus Kotraşev açıqlama verib.
O, verdiyi açıqlamada, "Bəşər Əsədin Moskvada qalmasının şərtlərindən biri onun bütün media və siyasi fəaliyyətlərdən uzaq durmasıdır. İndiyə qədər bu şərtlərin pozulmasına dair heç bir dəlil yoxdur", -deyə bildirib.
Kotraşev Əsəd və ailəsinə sığınacaq hüququnun birbaşa Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə verildiyini və bu qərarın dəyişdirilməsindən söhbət getmədiyini vurğulayıb.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi dekabrın 8-də Bəşər Əsədin Suriyada münaqişə tərəfləri ilə danışıqlardan sonra istefaya getməyə və ölkəni tərk etməyə qərar verdiyini ilk elan etmişdi. Bu bəyanatdan cəmi bir gün sonra dekabrın 9-da Rusiyanın dövlət xəbər agentliyi olan TASS Kremldəki anonim mənbəyə əsaslanaraq Əsədə sığınacaq verdiyi barədə xəbər yaymışdı. Hımçinin Əsəd və ailəsinin Moskvaya gəldiyi, sığınacaq hüququnun humanitar əsaslarla verildiyi bildirilmişdi.