"İranın nüvə obyektlərini məhv etməyə hazırıq"
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton İranla bağlı sərt addımlar atmağa, o cümlədən Tehranın nüvə obyektlərini məhv etməyə hazırdır.
Tramp bu barədə Ağ Evdə Salvador Prezidenti Nayib Bukele ilə görüş zamanı danışıb.
“Hər şey çox sadədir. Onların (İranın – red.) nüvə silahı ola bilməz və onlar ABŞ ilə danışıqlara başlamaqda tələsməlidirlər. Çünki artıq həmin silahı əldə etməyə çox yaxındırlar. Amma onların bu silahı olmayacaq. Əgər çox sərt tədbirlər görməli olsaq, bunu edəcəyik”, – deyə Tramp bildirib.
Jurnalistlərdən biri Trampdan bu tədbirlərə İranın nüvə obyektlərinə zərbələrin daxil olub-olmadığını soruşub. “Əlbəttə”, – deyə ABŞ Prezidenti cavab verib.
Qeyd edək ki, aprelin 12-də Oman vasitəçiliyi ilə Tehran və Vaşinqton arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar baş tutub. Görüşdə İranı xarici işlər nazirinin müavini Abbas Araqçi, ABŞ-ı isə Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib. İran XİN-in məlumatına görə, görüş konstruktiv və sakit atmosferdə keçib. Uitkoff və Araqçi danışıqlardan sonra Oman XİN rəhbərinin iştirakı ilə qısa şəxsi söhbət də aparıblar. Danışıqların ikinci raundunun aprelin 19-da keçirilməsi planlaşdırılır.