İsraildən Azərbaycan xalqına Novruz təbriki
Yəhudi xalqı hələ min illər öncə Qafqazda məskunlaşdığı dövrdən Azərbaycan xalqı ilə doğmalaşmış, qardaşlaşmış və qohumlaşmışdır. Azərbaycan dövləti ilə İsrail dövlətinin dostluğu və qardaşlığı da xalqlarımızın qədimdən üzübəri olan möhkəm dostluğuna və qardaşlığına əsaslanır. Ən çətin zamanlarda hər iki xalq bir birinə dəstək olmuşdur. Yəhudilər Qafqazda yaşadığı minillər ərzində Azərbaycan xalqından dostluq, qardaşlıq, mehribanlıq və doğmalıq görmüşdür. Azərbaycan xalqının şad günü eyni zamanda Yəhudi xalqının da şad günüdür.
Doğma Azərbaycan xalqı özünün tarixin dərinliklərindən bu günə qədər davam edən Novruz bayramını qeyd edir. Novruz bayramı Azərbaycan xalqının ən qədim və ən mötəbər bayramıdır. Bu bayramda insanlar bir-birinə qonaq gedir, küsülülər barışır, insanlarda sevinc, təbəssüm, xoşbəxt əhval-ruhiyyə yaranır. Novruz bayramını mötəbər edən də məhz bu ali dəyərlərdir. Azərbaycan xalqı özünün qonaqpərvərliyi, alicənablığı, hümanistliyi, insanpərvərliyi, tolerant yaşam tərzi və multikultural dəyərləri ilə bütün dünyada seçilən və nümunə olan bir xalqdır. Azərbaycan xalqının insani keyfiyyətlərini saymaqla bitməz. Novruz bayramı da bu dəyərlərin daşıyıcısı olan bir bayramdır.
İsrailə və Yəhudi xalqına hər zaman dost və qardaş olan əziz və hörmətli Azərbaycan xalqını‚ Bahar fəslinin gəlişini müjdələyən‚ milli və tarixi bayramı olan Novruz bayramı münasibətilə təbrik edir və Azərbaycan xalqına xeyir-bərəkət‚ bolluq‚ əmin-amanlıq və firəvanlıq arzu edirik. Hər bir evə və ailəyə sevinc və bahar əhval-ruhiyyəsi diləyirik. Tarixin dərinliklərindən gələn bu Bahar bayramı Azərbaycan xalqına uğur gətirsin. Novruz sevinc‚ təbəssüm‚ xoşbəxtlik‚ sülh və əmin-amanlıq rəmzidir. Arzu edirik ki‚ bütün dünyada sülh və əmin amanlıq olsun.
Əziz Azərbaycan xalqı. Novruz bayramınız mübarək olsun. AMİN
Hörmətlə‚
Nexamiya Şirin Mixaeli
“İsraildə Azərbaycan Evi” Diaspor qurumunun direktoru və Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzinin rəhbəri, İsrailin Akko şəhərindəki Dağ yəhudiləri icmasının sədri və "İsraildə Azərbaycan Evi"nin və Dağ Yəhudilərinin Əlaqələndirmə Mərkəzinin kollektivi