"Tramp gec-tez sülhün mümkün olmayacağını anlayacaq"
Trampın Zelenskinin zəif durumundan istifadə edib onun üzərinə getməsini müharibənin dayandırılması üçün kifayət edəcəyini düşünməsi son nəticədə onun öz üzərinə çevriləcək.
Avrasiya.net xəbər verir ki, bunu politoloq Azər Qasımov deyib.
Onun sözlərinə görə, məsələ ondadır ki, Tramp özlüyündə Putinin artıq razılaşmaya hazır olduğundan əmindir. Gizli danışıqların davam etdiyi qeyd edilir. Amma, hələ Putinin nə qədər razılaşmaya hazır olduğu sual altındadır:
"Ukrayna hansısa şərtlərlə atəşkəsə razı olacaqsa da, Rusiyanın tələbləri yerinə yetirilməsə buna razı olmayacaq. Rusiyanın tələbi isə özününkü elan etdiyi Ukrayna əyalətlərinin tamamı ilə ona verilməsidir ki, bu da mümkün deyil.
Bu durumda heç bir sülh və ya atəşkəs müqaviləsindən danışmağa dəyməz. Tramp bu razılığa qədər Ukraynadan istədiyi nadir torpaq metal müqaviləsini almış olacaq. Putinin oyunpozanlıq etməsi isə Trampın çıxılmaz vəziyyətə düşməsinə səbəb olacaq. Tramp məcbur olub Rusiyaya qarşı addımlar atmağa başlayacaq.
Bu isə durumu daha da çıxılmaz edəcək. Tramp imzalanmış müqaviləyə görə Ukraynadakı iqtisadi maraqlarını artıq qorumağa məcbur olacaq. Təbii ki, Tramp, əgər, həqiqətən də Rusiyanın agenti deyilsə. Belə olduğuna da böyük şübhələr var. Hesab edirəm ki, Tramp gec-tez sülhün mümkün olmayacağını anlayacaq və öz nüfuzunu qorumaq üçün yenidən geri dönüş edəcək".