"Zənnimcə, Zelenskini provakasiyaya çəkdilər"
Gündəmi Trampla Zelenski arasında gərgin keçən danışıqlar zəbt edib. Prezidentlər arasındakı mübahisəli danışıqlar media üçün təsadüfən açıq keçirilməyib. Danışıqların tonunu və media üçün açıq olmasını, sözsüz ki, ABŞ təyin edib.
Dövlət başçıları arasında əvvəlcədən nəticəsi müəyyən edilməyən müzakirələr hər zaman bağlı qapılar arxasında keçirilib. Amma nədənsə Tramp Zelenski ilə görüşü media üçün açıq keçirməyə üstünlük verib. Niyə?
Bu yanaşma nə Trampın demokratik dəyərlərə sadiqliyi, nə Ukrayna ilə bağlı narahatlığı, nə də əzilənin yanında olduğu təəssüratını yaratmır.
Danışıqların tonu və işlənən ifadələr hər iki liderin geriyə yol qoymadığını göstərir. Tramp Zelenskiyə "ABŞ-a və mənə hörmət etmirsən" deməklə ABŞ-ın və özünün nüfuzu məsələsini ortya qoyub. Bundan başqa ABŞ özünün heç bir fikrini 3 ildir müharibə aparan və yardımlarla ayaq üstə dayanan Ukraynaya qəbul etdirə bilməyib. Əgər Tramp bundan sonra Zelenskiyə "yerini göstərə bilməsə" yeni bir president yaranacaq. Hər kəs ABŞ-nin "üzünü cırmaqlamağa" cəsarət edəcək. Bu isə Birləşmiş Ştatların hegemon obrazına ciddi zərbədir.
Zelenski isə "Kiyev uzunmüddətli sülh zəmanəti olmadan hərbi əməliyyatların dayandırılmasına razı olmayacaq" deməklə müharibəni davam etdirməkdən başqa özünə yol buraxmayıb. İndi o məhdud resurslar və müttəfiqlərinin xəyanəti altında müharibəni davam etdirməlidir. Sözündən dönsə lider kimi ömrünü başa vurmuş olacaq.
Zənnimcə, Zelenskini provakasiyaya çəkdilər. O isə əsəblərini cilovlaya bilməyərək ictimaiyyətin gözü qarşısında Trampla "döyüşə" girdi. Artıq Tramp üçün Zelenskinin əleyhinə açıq şəkildə danışmaq çətin olmayacaq. Əgər o ölkəsinin ictimai dəstəyini ala bilsə Zelenskini ağır günlər gözləyir.
Mütəllim Rəhimli