"Azərbaycan etibarlı tərəfdaşdır"
“Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində mühüm məsələlərə toxundu. Həmin məsələlərdən biri də dekabrın 19-da Misirin paytaxtı Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI sammitində Azərbaycanın D-8-ə üzv qəbul edilməsi haqqında söylədiyi fikirlər idi. Cənab Prezident Azərbaycanın D-8-ə üzv seçilməsi haqqında fikirlərini bölüşərək bunun olduqca vacib bir hadisə olduğunu vurğuladı. D-8-i “İslam Səkkizliyi” də adlandırırlar və üzvləri ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edir. Bu təşkilat böyük iqtisadi potensiala malikdir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Mili Məclisin deputatı Azər Allahverənov deyib.
Deputat bildirib ki, sözügedən təşkilat yaranandan bu yana orada daha çox məhdud üzvlük prinsipləri olub: “Yəni bir növ qapalı olub və onlar yeni üzvlərin qəbul olunmasına çox da maraqlı olmayıblar. Ancaq Azərbaycanın uğurlarını görən D-8 ölkəmizin də bu təşkilatda fəal iştirakı ilə bağlı öz niyyətini açıqlayıb. Nəticədə, Azərbaycan da bu təşkilata üzv qəbul edilib. Ölkəmiz beynəlxalq aləmdə böyük nüfuza malik olduğuna görə ona bu formada etimad göstərilir”.
A.Allahverənov vurğulayıb ki, Azərbaycanın etibarlı tərəfdaş olduğunu qeyd edən dünyanın əksər dövlətləri bu və digər formada müxtəlif platformalarda Azərbaycanın iştirakını olduqca vacib görürlər:
“Azərbaycanın bu günədək digər platformalarda qazandığı uğurlar D-8-də də uğurlara imza atmağına imkan verəcək. Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərini prioritet kimi götürərək hər bir platformada bu mövqedən çıxış edir. Milli maraqların qarşılıqlı şəkildə nəzərə alınması, təmin olunması önəmli prinsiplərdir.
Azərbaycanın D-8-ə üzv olması həm oradakı dövlətlər üçün, həm də o dövlətləri təmsil edən regionların iqtisadi əlaqələrinin inkişaf etdirilməsi baxımdan olduqca önəmlidir. Elə müsahibə zamanı cənab Prezident də bu nüanslara ətraflı toxunaraq Azərbaycanın bu təşkilatda xüsusi rol oynayacağı qeyd etdi”.