Pentaqon: ABŞ-ni ən çox Çinin addımları narahat edir
ABŞ-nin Hərbi Hava və Kosmik Qüvvələri gələcəkdə diqqətlərini ilk növbədə Çinə, sonra isə Rusiyaya yönəltmək niyyətindədir.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələri naziri Frenk Kendall deyib.
O qeyd edib ki, 2021-ci ildə hazırkı vəzifəsində işə başlayanda əvvəlcə rəhbərlikdən hansı potensial hərbi münaqişələrə diqqət yetirməli olduğunu soruşub.
“Çin təcavüzü. Görünür, bu, bizi Rusiyanın mümkün təcavüzündən daha çox narahat edir", - Hərbi Hava Qüvvələr naziri deyib.
Onun sözlərinə görə, Hərbi Hava Qüvvələri daha çox maliyyələşdirilməsə, Çinin dominantlığı an məsələsi olacaq.
Nazir vurğulayıb ki, Çin aqressiv və yenilikçi rəqibdir.
Qeyd edək ki, Hərbi Hava Qüvvələri naziri birbaşa Pentaqonun rəhbərinə hesabat verir. O, ABŞ Silahlı Qüvvələrinin ona həvalə olunmuş iki qolunun - Hərbi Hava Qüvvələri və Kosmik Qüvvələrin inkişafına nəzarət edir.