Sizin Reklam Burada

Azərbaycan və Çin liderləri arasındaı yüksək inam və etimad mövcuddur

Azərbaycan və Çin liderləri arasındaı yüksək inam və etimad mövcuddurQlobal siyasətdə aparıcı mövqeyini getdikcə daha da möhkəmləndirən Çin Xalq Respublikası ilə əlaqələrimizin strateji münasibətlər səviyyəsinə yüksəlməsi ölkəmiz üçün əlamətdar hadisədir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammitinə fəxri qonaq qismində qatılaraq keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlər arasında, onun Çin Xalq Respublikasının Sədri Si Zinpin ilə görüşü xüsusi əhəmiyyətə malikdir. Çünki məhz bu görüş çərçivəsində Azərbaycan və Çin liderləri tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olundu. Dövlətimizin başçısı görüşdə çıxış edərək bildirdi ki, Bəyannamə Çin Xalq Respublikasını və Azərbaycanı rəsmi olaraq strateji tərəfdaşlara çevirir, bu isə öz növbəsində həm böyük nailiyyətdir, həmçinin yüksək məsuliyyətdir. Azərbaycan və Çin bu məsuliyyəti layiqincə daşımağa və etibarlı tərəfdaş olduqlarını sübut etməyə hazır olan ölkələr kimi qəbul edilir. Çünki ölkələrimiz arasında həm liderlər səviyyəsində, həm də nazirlər, müxtəlif dövlət qurumları, ictimai təşkilatlar və biznes strukturları səviyyəsində fəal əməkdaşlıq mövcuddur.

Hazırda ölkələrimiz arasında əmtəə dövriyyəsinin səviyyəsi 3 milyard dollara çatıb və bu rəqəm getdikcə daha da artacaq. Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb. Həmçinin Çin Xalq Respublikasından da Azərbaycana ixracın miqyası artmaqdadır. Ölkələrimiz arasında yükdaşımaların artması, investisiya əməkdaşlığının genişlənməsi müşahidə olunur. İki ölkə arasında həm təhsil, həm də turizm sahəsində əlaqələr də sürətlə inkişaf edir. Çinin nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayı ildən-ilə artır. Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və insanlar arasında təmasların artırılması məqsədilə Azərbaycanın Çin vətəndaşlarını ölkəyə gəliş vizasından azad etməsi və bunun növbəti mərhələdə qarşılıqlı olması barədə XİN-lər arasında işin aparılmasına dair razılığın əldə edilməsi turizmin inkişafına və xalqlarımız arasında mədəni əlaqələrin genişlənməsinə, insanlar arasında fərdi işgüzar təmaslara əlavə impuls verəcək. Si Zinpin də öz növbəsində qeyd etdi ki, Çin tərəfi də Azərbaycan vətəndaşlarına münasibətdə vizasız gediş-gəlişin tətbiq olunması məsələsini nəzərdən keçirəcək ki, ölkələrimiz və insanlar arasında təmaslar daha da çoxalsın. Bir sözlə, Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin imzalanması Azərbaycan-Çin dostluq əlaqələrinin bütün sahələrdə yüksələn xəttlə inkişaf etməsinə təkan verəcək, eləcə də beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, regional və qlobal müstəvidə sülh səylərini qarşılıqlı dəstəkləməyə geniş imkanlar yaradacaq.

Qeyd etməliyik ki, Çin Xalq Respublikası Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biridir və diplomatik münasibətlərin qurulduğu 2 aprel 1992-ci ildən etibarən iki ölkə arasında ikitərəfli əməkdaşlıq müxtəlif sahələrdə səmərəli nəticələr verməkdədir. Eyni zamanda, Azərbaycan da Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” layihəsini dəstəkləyən və buna qoşulan ilk dövlətlərdən biri kimi tanınır. Azərbaycanın bu dəstəyi Çinin hazırkı rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Bununla bərabər, Azərbaycanın davamlı surətdə “Vahid Çin” siyasətini dəstəklədiyini ayrıca olaraq vurğulamalıyıq. Rəsmi Bakının Tayvanda keçirilmiş prezident və parlament seçkilərini pisləməsi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Çinin ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə edilməsi Pekin üçün olduqca mühüm jestdir. Ona görə də Si Zinpin Azərbaycanın daim “Vahid Çin” siyasətini dəstəklədiyinə görə İlham Əliyevə təşəkkürünü bildirdi. Eyni zamanda ekstremizmə və separatizmə qarşı mübarizədə ölkələrimizin mövqelərinin üst-üstə düşməsi amili də Çin lideri tərəfindən xüsusi qeyd olundu.

Bir məqamı da vurğumalıyıq ki, Azərbaycan Çinin aparıcı rol oynadığı qlobal platformalar, iqtisadi ittifaqlar üçün də cəlbedici ölkələrdən hesab olunur. Buna görə də rəsmi Pekin Azərbaycanın həm Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə, həm də BRİCS ilə əməkdaşlığını təqdir edir. Təsadüfi deyil ki, Astana sammitində Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun artırılması təklifi Çin tərəfindən birmənalı olaraq dəstəkləndi. Öz növbəsində Prezident İlham Əliyev də ölkəmizin həm ŞƏT ilə əməkdaşlığına, həm də BRICS-lə əməkdaşlığının inkişafına yaxından dəstək verdiyinə görə Çin rəhbərliyinə təşəkkürünü bildirdi. Ümidvarıq ki, hər iki ölkənin beynəlxalq platformalarda bir-birinə qarşılıqlı dəstəyi bundan sonra da davam edəcək. Azərbaycan və Çin liderləri arasındakı yüksək inam və etimad əməkdaşlığımızın inkişafı üçün əlverişli zəmin yaradır. Liderlərin dostluğu dövlətlərin də uğurlu müttəfiqliyində həlledici rol oynayır.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər