Yaponiyadakı zəlzələdə 50 min ev dağılıb
Bu il yanvarın 1-də Yaponiyanın İşikavada prefekturasında baş verən zəlzələ 50 min evi dağıdıb və 2,4 milyon tondan çox zibil əmələ gətirib. Bu, prefekturanın 7 illik zibil həcminə bərabərdir.
Avrasiya.net xəbər verir ki, məlumatı İşikava prefekturasının qubernatoru Hiroşi Hase mətbuat konfransında açıqlayıb.
"Çox ciddi problem zəlzələ nəticəsində yaranan tullantıların utilizasiyasıdır. Bunun necə və hansı müddətdə həyata keçiriləcəyi ilə bağlı plan lazımdır. Zəlzələ nəticəsində prefekturada 2,4 milyon tona yaxın tullantı əmələ gəlib. Bunlar hələ ilkin rəqəmlərdir. Bu, təxminən 7 il ərzində İşikava prefekturasında zibilin həcminə bərabərdir”, - qubernator bildirib.
Prefektura təxmin edir ki, ölkə daxilindəki müəssisələrin köməyi ilə tam utilizasiya 2 il çəkəcək və 2026-cı ilin martına qədər başa çatdırılacaq.
2024-cü ilin ilk günündə Yaponiyanın qərb sahilindəki İşikava prefekturasının Noto yarımadası ərazisində silsilə böyük zəlzələlər baş verib, ən güclüsü 7,6 bal gücündə olub. Zəlzələlər səbəbindən ölkənin bütün qərb sahilləri boyunca şimaldan cənuba qədər sunami təhlükəsi elan edilib, sahilin bir sıra yerlərində sunaminin hündürlüyü 4,2 metrə çatıb.
Zəlzələ nəticəsində 240 nəfər həlak olub, 11 nəfərlə hələ də əlaqə saxlamaq mümkün olmayıb. 13,9 mindən çox insan hələ də təxliyə mərkəzlərində yaşayır. İşikava prefekturasında 38 mindən çox ev susuz, 1800 ev işıqsız qalıb.