ABŞ kəşfiyyatı: Hizbullahın hücumu gözlənilir
Kəşfiyyat hesab edir ki, Hizbullah yaraqlıları ABŞ ərazisində və ya xaricdəki Amerika diplomatlarına hücum həyata keçirə bilər.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” qəzeti Bayden administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
“İranın dəstəklədiyi silahlı qruplaşma əvvəlcə Yaxın Şərqdəki Amerika silahlı qüvvələrinə zərbə endirə bilər. ABŞ kəşfiyyatı Hizbullahla əlaqədar kəşfiyyat məlumatları toplayır. Bu da onun ABŞ ordusuna və ya diplomatik personalına hücumları nəzərdən keçirdiyini göstərir. Regionda gərginlik artdıqca ABŞ ərazisinə hücum ehtimalı da artır”, - mənbə bildirib.
Qeyd olunur ki, Hizbullah ABŞ-da hücum həyata keçirmək üçün agentlərdən istifadə etməyə imkan verəcək geniş beynəlxalq şəbəkəyə malikdir:
“Amma Yaxın Şərqdəki digər qrupların belə imkanları yoxdur. Ümumiyyətlə, ABŞ ərazisinə və ya xaricdəki Amerika ordusuna, eləcə də diplomatlarına hücum Bayden administrasiyasına zərbə olacaq. Bu, həm də ABŞ-ın milli təhlükəsizlik resurslarını Çin və Rusiyaya qarşı mübarizəyə yönəltməyə çalışdığı bir vaxtda yenidən Yaxın Şərqə sürüklənməsinə səbəb olacaq”.