Sizin Reklam Burada

Hindistan və Birləşmiş Millətlər Təşkilatının 75 illiyi

Hindistan və Birləşmiş Millətlər Təşkilatının 75 illiyiSabiq səfir Asoke Mukerji

Hindistan Birləşmiş Millətlər Təşkilatının (BMT) 51 ilk təsisçisindən biridir. Hindistan 1947-ci il avqustun 15-də Britaniyadan müstəqillik əldə etdikdən sonra BMT-nin ilk üzvlərindən biri olub.

Xanım Vicaya Lakşmi Pandit 19 sentyabr 1947-ci ildə BMT Baş Assambleyasında müstəqil Hindistanın ilk əsas bəyanatını səsləndirib. O qeyd edib ki, “böyük dövlətlər bir-birinə yaxınlaşmaq əvəzinə, bir-birindən daha da uzaqlaşırlar. Hadisələrin bəlkə də bəşəriyyət üçün yeni və məhvedici fəlakətə doğru getdiyinə dair gərginlik, təlaş, həyacan və narahatlıq hissi var...”.

Hindistanı “Soyuq Müharibə”nin ideoloji qarşıdurmasının bir hissəsi etmək cəhdlərinə qarşı çıxan xanım Pandit deyib ki, “ideologiya praktikadan daha az əhəmiyyət kəsb edir. Qida, geyim, ev, təhsil, tibbi xidmətlər – bunlar bizə lazım olan şeylərdir”.
Müstəqil Hindistan BMT-ni Hindistanın sosial-iqtisadi transformasiyası üçün dəstəkləyici qlobal çərçivə kimi gördüyünü açıq şəkildə ifadə edib.

Bu baxış son 75 il ərzində qorunub saxlanılmışdır. İki böyük nailiyyət Hindistanın BMT-yə verdiyi töhfəyə miras olaraq qalır. Birinci nailiyyət 1960-cı ilin dekabrında BMT Baş Assambleyası tərəfindən yekdilliklə qəbul edilmiş tarixi “Dekolonizasiya Qətnaməsi” ilə keçmiş müstəmləkə ölkələrinə BMT Baş Assambleyasının müstəqil üzvü olmağa imkan verən beynəlxalq münasibətlərin demokratikləşdirilməsi üzrə uğurlu kampaniyadır.

İkinci nailiyyət davamlı inkişaf məsələlərinin BMT və onun ixtisaslaşmış qurumlarının əsas gündəminə çıxarılması nəticəsində 2015-ci ilin sentyabrında 17 dayanıqlı inkişaf məqsədindən ibarət olan “2030-cu il Gündəliyi”nin yekdilliklə qəbul edilməsidir. Dayanıqlı İnkişaf Məqsədləri sağlamlıq, təhsil, gender, enerji, məşğulluq, infrastruktur, bərabərsizlik, şəhər artımı, istehlak, quruda, dənizdə və havada ətraf mühit kimi sahələri əhatə edir.

Bu iki nailiyyət Hindistanın ümumi dəyərlər və maraqlar əsasında BMT Baş Assambleyasının digər üzv dövlətləri ilə fəal diplomatik əlaqəsi nəticəsində mümkün olub.

1961-ci ildə Hindistan “Soyuq Müharibə”nin qarşıdurma bloku siyasətinə qoşulmağı rədd edən Qoşulmama Hərəkatının həmtəsisçisi oldu. Bu gün BMT Baş Assambleyasının 193 üzv dövlətindən 120-i Qoşulmama Hərəkatının üzvüdür.

1964-cü ildə Hindistan 77 yeni müstəqil inkişaf etməkdə olan ölkələrin sırasında “77-lər Qrupu”nu (G77) yaratdı. Bu qrup hazırda BMT Baş Assambleyasının 134 üzv dövlətini özündə birləşdirir. “G77”nin hərəkətverici qüvvəsi onun 1967-ci ildə qəbul etdiyi Əlcəzair Xartiyasına əsaslanan ədalətli yeni beynəlxalq nizamın yaradılmasıdır. “2030-cu il Gündəliyi” isə BMT-də “G77”nin əsas marağıdır.

Demokratiya və davamlı inkişafa yer verilməsi BMT və onun ixtisaslaşmış qurumlarının son 75 il ərzində fəaliyyətinə mahiyyət əlavə edib. BMT-nin “2030-cu il Gündəliyi”nin preambulasında vurğulanır: “Sülh olmadan davamlı inkişaf və davamlı inkişaf olmadan sülh ola bilməz”.

Bununla belə, beynəlxalq sülh və təhlükəsizlik getdikcə daha çox təhdid altındadır: ilk növbədə BMT Təhlükəsizlik Şurasının səmərəsiz olması səbəbindən. Hazırda BMT Təhlükəsizlik Şurasının gündəmində Konqo Demokratik Respublikası, Cənubi Sudan, Mali, Mərkəzi Afrika Respublikası, Liviya, Suriya, Yəmən, Yaxın Şərq, İraq, Əfqanıstan, Myanma və Ukrayna da daxil olmaqla 50-dən çox münaqişə var. Bu münaqişələr bütün qitələrdə demək olar ki, 90 milyon insanı köçkün vəziyyətinə salıb.

BMT Təhlükəsizlik Şurasının özünün 2020-ci ilin martında qəbul etdiyi 2513 saylı qətnaməsi ilə təsdiq edilmiş “Doha Sazişi”ni dəstəkləməkdən imtina etməsi nəticəsində Əfqanıstanda sürətlə pisləşən vəziyyət Əfqanıstan əhalisinin yarısını (təxminən 20 milyon qadın) təhsil və məşğulluq kimi əsas insan hüquqlarından məhrum edib. Bu hüquqlar “2030-cu il Gündəliyi”nin həyata keçirilməsinin ayrılmaz hissəsidir.

Beynəlxalq sülh, təhlükəsizlik və inkişafa qarşı çıxan bu çağırışlara cavab olaraq Hindistanın Baş naziri Narendra Modi 2020-ci ilin sentyabrında BMT-nin 75-ci yubiley Zirvə Toplantısında multilateralizmi insan mərkəzli etmək üçün iddialı islahat layihəsini təklif etdi.
Bu layihənin iki əsas məqsədi var: BMT daxilində, xüsusən də BMT Təhlükəsizlik Şurasında islahatların aparılması və bəşəriyyətin üzləşdiyi ümumi çağırışlara cavab vermək üçün qlobal çərçivə yaratmaq məqsədilə bir-biri ilə əlaqəli çoxtərəfli təşkilatlarda (BMT, onun ixtisaslaşmış qurumları, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Dünya Ticarət Təşkilatı) islahatların aparılması.

BMT üzvlərinin böyük əksəriyyətini təşkil edən inkişaf etməkdə olan ölkələr BMT və digər çoxtərəfli institutların daha səmərəli və cavabdeh olması üçün islahatların aparılmasında birbaşa iştirak edirlər. “2030-cu il Gündəliyi”nin 16.8 saylı dayanıqlı inkişaf məqsədində deyilir ki, “inkişaf etməkdə olan ölkələrin qlobal idarəetmə institutlarında iştirakını genişləndirmək və gücləndirmək” məqsədilə çoxtərəfli institutlarda islahatlar aparmaq sahəsində BMT Baş Assambleyasının yekdil öhdəliyi var.

12-13 yanvar 2023-cü il tarixlərində Hindistanda “İnsan mərkəzli İnkişaf naminə Qlobal Cənubun Səsi” adlı virtual sammit keçirildi. Hindistanın bu təşəbbüsünün əhəmiyyətinin miqyasını anlamaq üçün 125 ölkənin, o cümlədən Afrikadan 47, Asiyadan 31, Latın Amerikası və Karib dənizi hövzəsindən 29, Okeaniyadan 11 və Avropadan 7 ölkənin bu təşəbbüsə qoşulduğunu nəzərə almaq lazımdır. İştirakçı ölkələri prioritet olan və mövcud çoxtərəfli institutların əhəmiyyətli nəticə əldə edə bilmədiyi davamlı inkişaf məsələləri ilə bağlı ümumi narahatlıqlar bir araya gətirmişdi.

Qlobal Cənub Zirvə Toplantısının nəticələri “G20”nin hazırkı sədri olan Hindistan tərəfindən “G20” prosesinə inteqrasiya ediləcək. “G20”nin növbəti iki sədrinin, yəni Braziliya (2024-cü il) və Cənubi Afrika Respublikasının (2025-ci il) Qlobal Cənub Zirvə Toplantısının mühüm iştirakçıları olması əlamətdar bir haldır.

Paralel olaraq, Hindistanın bu təşəbbüsü BMT-nin 2024-cü ilin sentyabrında Nyu-Yorkda keçirilməsi planlaşdırılan “Gələcəyin Zirvəsi” sammitinə hazırlığa mühüm töhfə verir.

Bu proseslər vasitəsilə “islahata uğramış multilateralizm”ə nail olmaq üçün dünya liderlərindən son üç ildə konstruktiv beynəlxalq əməkdaşlığı ləngidən təbii və texnogen fasilələrdən sonra beynəlxalq vəziyyətə yenidən baxmaq tələb olunacaq.

Bu kontekstdə BMT-nin “Gələcəyin Zirvəsi” sammitinin 2025-ci ildə, yəni təşkilatın 80 illik yubileyinin qeyd edildiyi bir vaxtda BMT Baş Konfransının çağırılması barədə qərarı məqsədəuyğun olardı. Diplomatiya, dialoq və inkişafın aparıcı səsi kimi Hindistan bu məqsədin təmin edilməsində böyük rol oynamalıdır.

***

(Sabiq Səfir Asoke Mukerji Hindistan Xarici Xidmətində 37 ildən çox işlədikdən sonra 2015-ci ilin dekabrında Nyu-Yorkda Hindistanın Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəsi kimi təqaüdə çıxıb)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər