"Qarabağ Azərbaycandır” mövzusunda Gəncədə ümumşəhər elmi-nəzəri konfransı keçirilibBu gün Azərbaycan Dövlət Aqrar Universitetində ”Qarabağ Azərbaycandır” mövzusunda Gəncədə fəaliyyət göstərən ali məktəb tələbələrinin iştirakı ilə ümumşəhər elmi-nəzəri konfransı keçirilib.

Avrasiya.net xəbər verir ki, plenar iclasda 11, panel iclaslarda 80-dən artıq məruzələr dinlənilmişdir. Çıxışlar ingilis, alman , fransız və rus dillərində təqdim olunub. Konfransın işində Türkiyənin Ege Universitetindən olan bir qrup professorlar da iştirak edib. Bir-birindən maraqlı məruzələrdə Qarabağın tarixi, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük müharibədə qələbəsi, qədim abidələrimiz, işğaldan azad olunan ərazilərdə aparılan quruculuq abadlıq işləri, Füzuli aeroportu, Şuşa Bəyənnaməsi, dini abidələrin saxtalaşdırılması, dağıdılması haqqında müsəffəl məlumatlar verilib.

Sonda konfransda çıxış edən gənclərə hədiyyələr və sertifikatlar verilib

Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan gəncliyi! Qarabağ Azərbaycandır!




Xəzər Universiteti dünyanın ən yaxşı universitetləri arasında2022-ci il aprelin 27-də dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan "Times Higher Education" (THE) 2022-ci il üçün BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyənləşdirərək “THE University Impact Rankings 2022” reytinq cədvəlini açıqlayıb. Reytinqin 4-cü nəşrinə 106 ölkədən 1406 universitet daxil edilmişdir.

Xəzər Universiteti Azərbaycandan bütün sahələr üzrə ən yüksək nəticə göstərərək reytinq cədvəlində 601-800 aralığında qərarlaşıb.

Xəzər Universiteti Təhsilin keyfiyyəti üzrə 201-300 aralığında yer tutaraq, təhsil sahəsindəki öz keyfiyyət göstəricisini bir daha təsdiqləyib. Beləliklə, Xəzər Universiteti sahələrin 1-i üzrə 101-200-cü yerdə, 2-si üzrə 201-300-cü yerdə, 4-ü üzrə 301-400-cü yerdə, 1-i üzrə 401+ yerdə, 3-ü üzrə 601-800-cü yerdə, 7-i üzrə isə 401-600-cü yerdə qərarlaşmışdır.

Reytinqlə tanışlıq üçün bu linkdən istifadə etmək olar:
https://www.timeshighereducation.com/rankings/impact/2022/overall#!/page/0/length/25/
sort_by/rank/sort_order/asc/cols/undefined
Şəhidlik mövzusu: həssaslıq və məsuliyyətƏkrəm Bəydəmirli

Müqəddəs saydığımız Şəhidlik mövzusu həssas və məsuliyyətli sahədir. Bu mövzuda yazı yazan kəslər diqqətli olmalıdır. Xüsusilə, Azərbaycanın mediası, telekanalları, sosial şəbəkə iştirakçıları bu mövzuya yanaşmada bir çox zəruri məqamlara əməl etməlidir.
Əsas mətləbə keçmək istərdim. 33 Şəhidimizdən bəhs edən "Şəhidlər ölməz, Vətən bölünməz" kitabını yazarkən duymadığım bir çox mətləbləri aşkar etdim. Onu deyim ki, bu mövzuda yazı yazmaq mənə hiss etmədiyim dərəcədə mənəvi ruh verdi. Müxtəlif vaxtlarda 20-dən artıq Şəhid ailəsini ziyarət etdikdən sonra müsbət enerji ilə geri dönürdüm. Elə bil, bu ailələrin arasında mənəvi, ruhani bağlılıq var. Mənim qənaətimcə, Şəhidlərimizlə bərabər, onların valideynləri də qəhrəmandır.

Bir məqamı qeyd etmək istərdim. II Qarabağ savaşının əfsanəvi döyüşçüləri olan, iki qardaş, İman və Bəhrəm eyni anda, eyni məkanda Şəhid olublar. Bu iki qardaşın atası Elman bəy, anası mələk simalı, nur çöhrəli Hicran xanım bu gündə təmkinini pozmadan şüküranlığını bildirir. Söhbət etdiyimiz heç bir Şəhid ailəsində asilik görmədim. Bu insanlarda ilahi həqiqətin dərki və şüküranlıq var. Tarixi Zəfərimizin özəyini təşkil edən budur.

Məhz buna görə, Şəhidlərimizin missiyası, haqq işi bizim yolumuza işıq salır. Bu missiya bizi Azərbaycanın müstəqil, qüdrətli olmasının zəruriliyini dərk etdirir və hər zaman xeyirin şərə qalib gələcəyi fikirini təlqin edir. Vətənpərvərlik peşəkar və məsuliyyətli davranışa çevriləndə çox faydalı olur. Ümumiyyətlə, boğazdan yuxarı, məsuliyyətsiz vətənpərvərlik cəmiyyət üçün başağrısına çevrilir. Biz QHT-media təmsilçisi olaraq öz məsuliyyətimizi dərk edirik.

"Şəhidlər ölməz, Vətən bölünməz" kitabını hazırlayarkən görüşlərimiz zamanı Şəhid analarının öz övladları haqqında kövrək və səmimi xatirələri ürəyimizi nə qədər ağrıtsa da, biz bir daha əmin olduq ki, Azərbaycan insanı torpağa, yurda nə qədər bağlıdır. Digər tərəfdən Şəhidlik xalqın qəhrəmanlıq salnaməsidir. Bu salnamə əzmkarlıqla gələcək nəslllərə örnək olaraq yazılır.

Ermənilərdən fərqli olaraq Azərbaycan türklərində torpağa, yurd yerlərinə bağlılıq hər zaman güclü olub və olacaq. Bu gün dünyanın hər hansı yerində, o cümlədən Bakı şəhərində ən rahat şəraitdə yaşayan keçmiş məcburi köçkün üçün öz tarixi yurd yerlərinə dönmək, orada uçulmuş-dağıdılmış kənddə yenidən yurd salmaq böyük məlhəmdir. Bu gün qısa bir sorğu keçirsək, yaşlı və orta yaşlı nəslin nümayəndələrində bunu daha çox görərik.

Hər bir sağlam təfəkkürlü, təmiz qanı olan Azərbaycan türkündə torpağa bağlılıq var. Bu bağlılığı itirilmiş torpaqlarımızda, boş qalmış evlərdəki ruhların harayında axtarmaq lazımdır. 30 illik ayrılıq bunu bir daha sübut etdi. 44 günlük Vətən savaşı xeyirlə şərin mübarizəsi idi. XIX əsrdən başlayaraq Azərbaycan torpaqlarında hayların (ermənilərin) məskunlaşması və bizim qismətimizə belə qonşuların düşməsi tarixin acı reallığıdır. Belə qonşuluq qismətini dəyişmək mümkün deyildi. Amma, reallığı nəzərə alaraq ədaləti bərpa etmək üçün tarixi məqamlar məhz 44 günlük müharibə zamanı yetişdi. Azərbaycanın əleyhinə aparılan uzunmüddətli ədalətsiz, haqsız işğalçı müharibəyə son qoyan, xeyirlə şərin mübarizəsində qalib gələn Şəhid və qazilərimizdir. Şəhidlərimizə rəhmət, qazilərimizə və II Qarabağ savaşında əməyi olan hər kəsə xeyirli ömür diləyək!

Yekun olaraq çox qəddar düşmən üzərində qazandığımız tarixi Zəfərə, son 200 illik işğala son qoyub, bizə qələbə sevincini yaşatdığına, millət olaraq bizi bütövləşdirdiyinə görə, Şəhidlərimizə hər zaman borcluyuq!

Əziz, qəhrəman qaraşlarımız, Siz qalib gəldiniz! Qazandığınız qələbəni Azərbaycana halal edin! Sizin misilsiz qəhrəmanlığınız hesabına beli bükülmüş ruhumuza rahatlıq gəldi. Azərbaycanın tək torpağı deyil, həm də qüruru özünə qayıtdı. Ona görə, hər zaman deyirik və yazırıq Şəhidlər ölməz, Vətən bölünməz!
Azərbaycanda son sutkada 13 nəfər koronavirusa yoluxub, ölən olmayıbAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 558 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 744 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 105 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 731, bu günə qədər isə ümumilikdə 6 811 382 test icra olunub.
Prezident Azərbaycan xalqını təbrik etdiPrezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Avrasiya.net təbrikin mətnini təqdim edir:

"Hörmətli həmvətənlər!

Müqəddəs Ramazan bayramı münasibətilə sizi və bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edir, hər birinizə ən xoş arzu və diləklərimi yetirirəm.

İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanları xeyirxah əməllərə, birlik və bərabərliyə dəvət edən, onlara əxlaqi saflığın, nəfs üzərində qələbənin və ruhi-mənəvi kamilliyin sevincini yaşadan mübarək aylardandır.

Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dini əhəmiyyətli rol oynamışdır. Milli-mənəvi dəyərlərinə hər zaman dərin bağlılıq nümayiş etdirən xalqımız öz adət-ənənələrini, dini ayin və mərasimlərini bu gün də layiqincə qoruyub saxlayır, o cümlədən Ramazan bayramını hər il xüsusi təntənə ilə keçirir.

Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, haqq işi uğrunda mübarizədə qazandığımız şanlı Zəfərlə azad edilmiş dədə-baba yurdlarımızda həyat yenidən dirçəldilir, tarixi-mədəni irsimiz, ibadət yerlərimiz bərpa olunur, məscidlərimizdən azan sədaları yüksəlir.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban vermiş qəhrəman şəhidlərimizin ölməz xatirəsini bu mübarək bayram günlərində bir daha ehtiramla yad edir, onlara Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə cansağlığı diləyirəm.

Əziz bacı və qardaşlarım!

On bir ayın sultanı Ramazan ayını şükranlıq duyğuları və könül xoşluğu ilə yola salırıq. İnanıram ki, ölkəmizin əmin-amanlığı və tərəqqisi naminə etdiyiniz dualar sayəsində Uca Tanrı öz mərhəmətini və şəfqətini xalqımızdan əsirgəməyəcəkdir.

Bir daha hamınıza səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət arzulayıram. Allah orucunuzu qəbul etsin.

Bayramınız mübarək olsun!"
Prezident FHN işçilərinə TƏŞƏKKÜR EDİBAprelin 29-da Fövqəladə Hallar Nazirliyində nazir, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi altında operativ iclas keçirilib. İclasda nazir müavinləri və müvafiq struktur bölmələrin rəhbərləri iştirak edib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Avrasiya.net-ə verilən məlumata görə, iclasda, əvvəlcə, nazir Kəmaləddin Heydərov Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi zamanı göstərdikləri fədakarlığa görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına təşəkkürlərini çatdırıb.

İclasda “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının ehtimal olunan başvermə səbəbləri müzakirə olunub, aidiyyəti strukturların rəhbərlərinin məruzələri dinlənilib. Nazir yanğınla bağlı yaradılmış istintaq qrupu tərəfindən hadisənin səbəblərinin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Həmçinin, bundan əvvəl keçirilmiş iclaslarda verilmiş tapşırıqların davamı olaraq, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərini tənzimləyən normativ-hüquqi aktlarda müvafiq dəyişikliklərin edilməsi ilə bağlı layihələrin hazırlanması istiqamətində görülən işlərə toxunulub, tapşırıqlar verilib.
İran bu 20 nəfəri Azərbaycana təhvil vermədiCinayət əməllərində birbaşa iştiraklarına dair sübutlar olan bəzi azərbaycanlılar İranda sığınacaq tapıb.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda iştirak edən iranlı ekspertin iddialarına cavabında bildirib.

Dövlət başçısı qeyd edib ki, həmin şəxslər Azərbaycana qarşı normal cəmiyyətlərdə uyğun hesab edilməyən ifadələr işlətməklə yanaşı, Azərbaycana qarşı ərazi iddiaları irəli sürməkdən də çəkinmirlər və İran həmin şəxsləri rəsmi müraciətə baxmayaraq, Azərbaycana təhvil vermir:

“İranda sığınacaq tapan bir çox insan var ki, müntəzəm olaraq Azərbaycana qarşı ərazi iddiaları səsləndirirlər. Aktauda Xəzəryanı ölkələrin sammiti vaxtı ozamankı Prezident Həsən Ruhani ilə görüşdə mən ona İranda yaşayan və müntəzəm olaraq media və sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı sadəcə ərazi iddiaları irəli sürməklə kifayətlənməyib, normal cəmiyyətlərdə uyğun hesab edilməyən lüğətdən istifadə edən təxminən 20 azərbaycanlıdan ibarət siyahını verdim. Biz bu insanların Gəncə şəhərində polislərə ölümcül hücumda birbaşa iştiraklarına görə Azərbaycana təhvil verilmələrini tələb etdik və bizim sübutlarımız var. Təəssüf ki, onların heç biri təhvil verilməyib”.
Mərkəzi Elmi Kitabxanada təşkil edilən “Vikipediya” təlimləri müsbət nəticələrini verirÖlkədə “Vikipediya”nın inkişafında təşkil edilən təlimlərin xüsusi rolu var. Keçirilən təlimlər yeni könüllülərin sırasının çoxalmasına səbəb olur. Bu isə “Vikipediya” platformasında aktivliyi artırır.

Bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, son illər ölkədə “Vikipediya” təlimləri intensiv keçirilir. Gənclər təlimlərə böyük maraq göstərirlər. Könüllülər təlimlər nəticəsində “Vikipediya”da işləməyin qaydalarını mənimsəyirlər. Bu yaxınlarda AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya” təlimlərinə yenidən başlanılması ölkədə bu prosesin sürətlənməsinə böyük təkan verib. Belə ki, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının, MEK-in, “Qorqud” Vikipediya Metodik Klubunun təşəbbüsü ilə keçirilən təlimlər öz müsbət nəticəsini göstərir. Təlimlərdə iştirak edən Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya və Filologiya fakültələrinin tələbələri 50-dən yuxarı məqalə yaradıb və əsaslı redaktə ediblər. Ayrıca olaraq MEK-də “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən “Viki-mən” layihəsinə start verilib. Tərəfdaşlar sırasında “Qorqud” Vikipediya Metodik Klubu da var. Təşkilatın könüllüləri tərəfindən 50-dən çox məqalə yaradılıb və 70-dən artıq məqalə əsaslı redaktə edilib. Könüllülər bu işə töhfələr verirlər.

Qeyd edək ki, təlimlər MEK-in təlimçiləri Nuray Tanrıverdiyeva, Səbinə Abizadə tərəfindən keçirilir. Təlimlərdə fəallıq göstərən könüllülər MEK-in baş direktoru professor Məmməd Əliyev və “Qorqud” Vikipediya Metodik Klubunun yaradılmasının təşəbbüskarı Milli Məclisin deputatı Elnur Allahverdiyev tərəfindən sertifikat və fəxri diplomla təltif olunacaqlar.
"Ermənistanla danışıqların birinci mərhələsinə hazırıq""Azərbaycan Ermənistanla danışıqların birinci mərhələsinə başlamağa hazırdır".

Bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə bildirib.

“Müsbət nəticəyə ümidvarıq. İndiki və bir il əvvəlki ab-havanı müqayisə etsək, müsbət dəyişikliklər görürük” – deyən nazir qeyd edib ki, Ermənistan tərəfi heç də həmişə mövqeyində sabit deyil: “Müəyyən müsbət addım görürük, sonra nəsə baş verir və geri addım atırlar”.
Laçında mina partladı - Fəhlə ağır yaralandıAprelin 29-u saat 14 radələrində Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində 1992-ci il təvəllüdlü Pərvin Salahovun piyada əleyhinə minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Laçın rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışan Pərvin Salahovun minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.