Prezident Minsk qrupunun həmsədrlərini TƏNQİD ETDİ
“Beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə heç zaman ümid bəsləməyin, çünki onların heç bir dəyəri yoxdur. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdi və həmin qətnamələrə əsasən, Ermənistan hərbi qüvvələri dərhal ərazilərimizi tərk etməsini tələb edirdi. Buna baxmayaraq, 27 il ərzində qətnamələrin heç biri icra edilmədi, biz onları özümüz icra etdik”.
Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.
Dövlət başçısı qeyd edib ki, həmin qətnamələri qəbul edənlər BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrləridir.
“Mən onlara “özünüzün qəbul etdiyiniz qətnamələri nə üçün icra etmirsiniz” sualını verdikdə, sualın cavabı çox aşkar idi – işğalla bağlı vəziyyət onlara məqbul idi. Ermənistana da məqbul idi, Minsk qrupunun həmsədrlərinə də məqbul idi, bizə isə məqbul deyildi. Biz real dünyada yaşamalı və bunu başa düşməli idik ki, beynəlxalq icmanın dəstəyi olmayacaq. Təbii ki, güclü orduya, güclü iqtisadiyyata və yeni nəslə ehtiyac var idi, yəni, konkret olaraq ölümə hazır olan insanlara. Qarabağ uğrunda ölənlərin böyük əksəriyyəti heç zaman Qarabağı görməmişdi. Onlar gənc nəslin nümayəndələri, vətənpərvər, Vətəni sevən, yüksək motivasiyalı insanlar idi. Təbii ki, ən vacib məsələ güclü ordunun olması idi və biz buna nail olduq. Bu, Prezident olaraq mənim üçün illər boyu əsas prioritet olub”, - deyə Prezident İlham Əliyev vurğulayıb.