Bakı və Abşeronun su təhlükəsizliyində yeni mərhələ

Azərbaycan son iyirmi il ərzində həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələri sayəsində regionun lider dövlətinə çevrilmiş, elektrik enerjisi və qaz təchizatı kimi fundamental məsələləri tamamilə həll etmişdir. Bu uğurlu inkişaf yolunun növbəti və bəlkə də ən mühüm mərhələsi isə ölkənin su təhlükəsizliyinin təmin edilməsidir.

Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə bu istiqamətdə yeni bir mərhələnin başlanğıcı oldu. Müşavirənin əsas mövzusu Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı idi. Dövlətimizin başçısı öz çıxışında mühüm bir məqama toxunaraq bildirdi ki, ölkəmiz artıq əsas infrastruktur məsələlərini, o cümlədən enerji generasiya güclərini tələbatdan daha artıq səviyyəyə çatdırıb. İndi isə hədəf paytaxtın və ətraf qəsəbələrin illərdir həllini gözləyən su problemlərini ən müasir texnologiyalarla aradan qaldırmaqdır: “İçməli su və suvarma layihələri də həmişə diqqət mərkəzində olub. Azərbaycan vətəndaşları yaxşı xatırlayırlar ki, vaxtilə bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapmışdır. Bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilmişdir və bu proses davam etdirilir.Biz son 20 il ərzində dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeyd etməliyəm. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi.”

Bu fikirləri MilliMəclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov vurğulayıb ki, Prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə ölkəmizin ekoloji dayanıqlığı və su təhlükəsizliyi sahəsində növbəti onilliyin prioritetlərini müəyyən etdi. Təsdiqlənmiş 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı Bakı və Abşeron yarımadasında su təminatı, yağış və tullantı suları sistemlərinin tamamilə yenidən qurulmasını hədəfləyən inqilabi bir addımdır. İnnovativ Yanaşma və Modern İnfrastruktur Proqramın əsas sütununu köhnəlmiş infrastrukturun müasir standartlara uyğun yenilənməsi təşkil edir. Bu proses təkcə boruların dəyişdirilməsi deyil, eyni zamanda “ağıllı su şəbəkələri”nin qurulması deməkdir.

Rəqəmsallaşma sahəsində atılan bu addımlar su itkilərinin kəskin şəkildə azaldılmasına və resursların real vaxt rejimində daha səmərəli idarə olunmasına imkan verəcəkdir. Qlobal iqlim dəyişikliyinin yaratdığı su qıtlığı fonunda layihədə yer alan dəniz suyunun duzsuzlaşdırılması və tullantı sularının təkrar emalı kimi layihələr xüsusi önəm kəsb edir. Bu innovativ yanaşma Bakının içməli su tələbatının alternativ mənbələr hesabına ödənilməsində beynəlxalq təcrübənin ölkəmizə transferi deməkdir. Proqram çərçivəsində həm də şəhərin subasma riskləri aradan qaldırılacaq. Yağış sularının idarə olunması sistemlərinin modernləşdirilməsi bölgənin ekoloji təhlükəsizliyini gücləndirəcək və paytaxtın infrastruktur dayanıqlığını artıracaqdır.

K.Bayramov qeyd edib ki, müasir dünyamızın ən böyük çağırışlarından biri su qıtlığıdır. Statistik məlumatlar həyəcan təbili çalmaqdadır: bu gün dünya əhalisinin dörddə biri-təxminən 2,2 milyarddan çox insan içməli su çatışmazlığı ilə üz-üzədir. İqlim dəyişikliyinin yaratdığı bu qlobal təhlükə fonunda Azərbaycan dövləti öz su ehtiyatlarının idarə olunmasında strateji və innovativ addımlar ataraq, gələcək onilliklərin təhlükəsizlik modelini formalaşdırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul olunmuş yeni Dövlət Proqramı Bakı, Sumqayıt, Xırdalan və Abşeronun digər 64 yaşayış məntəqəsində su təchizatının keyfiyyətini kökündən dəyişəcək. Proqramın ən mühüm hədəflərindən biri su təminatında fasiləsizlik səviyyəsini rekord həddə 95 faizə çatdırmaqdır. Bu, hər bir evin və hər bir vətəndaşın dayanıqlı və keyfiyyətli su resursuna çıxışını təmin edəcək tarixi bir göstəricidir. Şəhər infrastrukturunun müasirləşdirilməsi çərçivəsində genişmiqyaslı tikinti işləri nəzərdə tutulur. Bura 12 yeni kollektorun inşası və mövcud olan 3 kollektorun əsaslı bərpası daxildir.

Bu sistemlər həm yağış sularının səmərəli idarə olunmasına, həm də paytaxtın subasma risklərindən tamamilə qorunmasına xidmət edəcək. Eyni zamanda, ekoloji tarazlığı qorumaq üçün 9 yeni tullantı sutəmizləyici qurğunun inşası və 28 yeni su anbarının tikintisi planlaşdırılır.

Deputat diqqətə çatdırıb ki, qlobal iqlim dəyişikliyinin yaratdığı su qıtlığı dünyanı alternativ həllər axtarmağa məcbur edir. Bu çağırışlara çevik və strateji cavab verən Azərbaycan, su təminatında inqilabi yeniliklərə start verir. 2026-2035-ci illəri əhatə edən yeni Dövlət Proqramının ən strateji sütunlarından biri dəniz suyunun duzsuzlaşdırılması texnologiyasının tətbiqidir. Layihənin əsas hədəfi innovativ üsulların tətbiqi ilə illik 100 milyon m³ içməli su ehtiyatı yaratmaqdır. Bu, sadəcə texniki bir rəqəm deyil, Bakı və Abşeron yarımadasının su təhlükəsizliyinin tam zəmanət altına alınması deməkdir. Duzsuzlaşdırma layihəsi tükənən təbii resurslardan çaylardan və göllərdən asılılığı minimuma endirərək, əhalinin fasiləsiz su təminatını ən yüksək səviyyəyə çatdıracaqdır. Qeyd edək ki, dəniz suyunun duzsuzlaşdırılması müasir dünyada su böhranına qarşı ən güclü və strateji alternativ hesab olunur. Yeni qurulacaq sistemlər ən son texnologiyalara əsaslanaraq həm enerji səmərəliliyi, həm də ekoloji təmizlik baxımından beynəlxalq standartlara cavab verəcəkdir. Bu layihə Bakı, Sumqayıt və Xırdalan kimi böyük şəhərlərin su şəbəkəsindəki gərginliyi aradan qaldıracaq, rəqəmsal idarəetmə ilə birlikdə suyun hər damlasına qənaət edilməsini təmin edəcəkdir.

K.Bayramov əlavə edib ki, Dövlət Proqramı çərçivəsində həyata keçirilən ən iddialı layihələrdən biri Sumqayıt Duzsuzlaşdırma Qurğusundan Ceyranbatan su anbarına qədər çəkiləcək yeni magistral kəmərdir. Yeni magistral kəmərin inşası emal olunmuş dəniz suyunun mövcud paylayıcı şəbəkəyə tam inteqrasiyasını təmin edəcəkdir. Bu, o deməkdir ki, innovativ üsullarla əldə edilən içməli su Ceyranbatan su anbarı vasitəsilə Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin su təchizatı sistemlərinə ötürülərək şəbəkədəki gərginliyi azaldacaqdır.

Beləliklə, şəhər sakinləri ən müasir texnologiyalarla təmizlənmiş və zərərli maddələrdən tam azad edilmiş su ilə təmin olunacaqlar. İndiyədək Azərbaycanın su ehtiyatları əsasən yağıntılardan, çaylardan və məhdud yeraltı mənbələrdən asılı idisə, artıq Xəzər dənizinin bitməz potensialı əhalinin xidmətinə verilir. Dəniz suyunun duzsuzlaşdırılması çayların quruması və ya iqlim dəyişikliyi nəticəsində yaranan su qıtlığı riskini minimuma endirir. Xəzər dənizinin suyundan səmərəli istifadə edilməsi, həmçinin kənd təsərrüfatı və digər sahələr üçün həyati əhəmiyyət kəsb edən şirin su ehtiyatlarının qorunmasına şərait yaradır. Bu, Azərbaycanın təkcə bugünkü deyil, həm də gələcək nəsillərinin su tələbatını ödəyəcək dayanıqlı bir modeldir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər