"Hər bir idman uğuru dövlətin imzasıdır"

Azərbaycanda idman sahəsi dövlətin daxili siyasətində mühüm strateji istiqamətlərdən biri kimi formalaşıb və bu sahəyə göstərilən diqqət ardıcıl, sistemli xarakter daşıyır. Sağlam cəmiyyətin qurulması, gənc nəslin fiziki və mənəvi inkişafının təmin edilməsi, ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi baxımından idman siyasəti xüsusi əhəmiyyət kəsb edir. Məhz bu yanaşmanın nəticəsidir ki, Azərbaycan son illər dünya idman arenasında etibarlı tərəfdaş, uğurlu idman ölkəsi kimi tanınır. Bu siyasətin mühüm dayaqlarından biri Olimpiya hərəkatıdır. Azərbaycanda Olimpiya dəyərlərinin təşviqi, idman infrastrukturunun müasirləşdirilməsi, peşəkar və kütləvi idmanın paralel inkişafı dövlət strategiyasının əsas xəttini təşkil edir. Olimpiya Hərəkatı yalnız idman nailiyyətləri ilə deyil, eyni zamanda gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, sağlam həyat tərzinin təbliği və sosial həmrəyliyin gücləndirilməsi baxımından da mühüm rol oynayır. Prezident İlham Əliyevin dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə etdiyi çıxış bu istiqamətdə həyata keçirilən siyasətin məntiqi davamı kimi yadda qaldı. Dövlət başçısı əldə olunan uğurları qiymətləndirməklə yanaşı, mövcud çağırışlar və prioritetləri diqqətə çatdırdı və qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Prezidentin çıxışı idmanın ölkənin sosial-iqtisadi inkişafında, beynəlxalq mövqelərinin möhkəmlənməsində və gənc nəslin formalaşmasında oynadığı rolu bir daha aydın şəkildə ortaya qoydu.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı yalnız əldə olunan nailiyyətləri təhlil etməklə kifayətlənmədi, eyni zamanda idmançılara və idman ictimaiyyətinin nümayəndələrinə vacib tövsiyələrini də çatdırdı. Dövlət başçısı yüksək nəticələrin arxasında dayanan əsas amillərə diqqət çəkərək, intizamın, peşəkarlığın, milli ruhun və məsuliyyət hissinin qorunmasının zəruriliyini vurğuladı. Prezident idmançıları beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil etməyə, qazanılan uğurları davamlı hala gətirməyə, idman qurumlarını isə gənc istedadların aşkara çıxarılması, kütləvi idmanın inkişafı və müasir idarəetmə yanaşmalarının tətbiqi istiqamətində fəaliyyətlərini daha da gücləndirməyə çağırdı. Dövlətimizin başçısı bildirdi ki, siyasətimizin əsas istiqamətlərindən biri gənclərin sağlam vətənpərvər ruhunda tərbiyə edilməsidir, beləliklə, gənclər Vətən sevgisi ilə böyüyəcək, düzgün tərbiyə alacaq və ölkəmizin inkişafı daimi və əbədi olacaq. Əlbəttə ki, burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır. Bu da çox müsbətdir. Bizim xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir: “Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var.

Hər dəfə idmançılarımız beynəlxalq yarışlarda Dövlət Bayrağını qaldıranda, əlbəttə, hər birimiz qürur hissi keçiririk. Son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Əminəm ki, idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. Onlar ölkəmizə və xalqımıza olan münasibəti hiss edir və idman meydançalarına, arenalara çıxarkən təbii olaraq qürur hissi keçirirlər. Eyni zamanda, bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər. Təbii ki, bundan sonrakı illərdə bu siyasət davam etdiriləcək.”

Deputat diqqətə çatdırıb ki, dövlət başçısı Azərbaycanın son illərdə beynəlxalq idman məkanında qazandığı mövqeyə xüsusi toxunaraq, ölkəmizin mötəbər yarışlara ev sahibliyi sahəsində formalaşmış təcrübəsini və artan imkanlarını diqqətə çatdırdı. Prezident İlham Əliyev vurğuladı ki, aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan artıq təkcə idman uğurları ilə deyil, həm də yüksək təşkilatçılıq qabiliyyəti ilə tanınır və bu, beynəlxalq idman qurumları tərəfindən də etimadla qarşılanır. Məhz bu baxımdan, dövlət başçısı 2025-ci il ərzində ölkəmizdə keçirilmiş mühüm beynəlxalq yarışlara nəzər salaraq, onların Azərbaycanın idman potensialının və regional imkanlarının nümayişində oynadığı rolu xüsusi qeyd etdi: “Bu ilin ölkəmizdə keçirilmiş əsas idman yarışı təbii ki, MDB ölkələrinin üçüncü Oyunları olmuşdur. Oyunlar çox yüksək səviyyədə keçirilmişdir.

Bu Oyunların xüsusiyyəti ondan ibarət idi ki, onlar bölgələrdə - bir neçə şəhərdə keçirilmişdir. Yəni bu, özlüyündə bir göstəricidir. Təbii ki, Bakı şəhərində istənilən idman yarışını keçirmək olar. Ancaq minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki, bizim potensialımızı göstərir. Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri digər şəhərlərdə, o cümlədən Xankəndi şəhərində keçirilmişdir. Məndə olan məlumata görə, bütün qonaqlar çox böyük minnətdarlıqla həm bizim qonaqpərvərliyimizi qeyd ediblər, həm də bölgələrimizin gözəlliyi və yaradılmış şəraitlə tanış olublar. İdmançılarımız bu Oyunlarda yaxşı nəticə göstərmişlər, komanda hesabında ikinci yerə biz layiq görüldük. Əlbəttə ki, bütövlükdə bu kimi tədbirlər ölkəmizin imicini, idman potensialını bütün dünyaya göstərir.”

K.Bayramov əlavə edib ki, İdman sahəsində böyük uğurlar qazanaraq ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən idmançılar hər zaman dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunurlar. Onların nailiyyətləri yalnız idman uğuru kimi deyil, həm də Azərbaycanın nüfuzunun və gücünün göstəricisi kimi qiymətləndirilir. Bu baxımdan idmançılar ölkə ictimaiyyətinə təntənəli şəkildə təqdim edilir, əməyinə və əzmkarlığına yüksək qiymət verilir, həm maddi, həm də mənəvi dəstək mexanizmləri ardıcıl olaraq gücləndirilir. Belə yanaşma mövcud uğurların davamlılığını təmin etməklə yanaşı, gənc nəslin idmana marağını artırır və gələcək qələbələr üçün möhkəm zəmin yaradır.

Bu yüksək dəyərləndirmə və təşviq siyasətinin məntiqi davamı olaraq, mərasim çərçivəsində idman sahəsində uzunmüddətli və səmərəli fəaliyyəti ilə seçilən şəxslərin əməyinə xüsusi ehtiram nümayiş etdirildi. Dövlətin idmana verdiyi önəmin, insan kapitalına göstərilən diqqətin bariz ifadəsi kimi növbəti mərhələdə Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması mərasimi keçirildi. Dövlətin idman sahəsinə göstərdiyi hərtərəfli sosial qayğının məntiqi davamı olaraq, mükafatlandırma mərasimindən sonra növbəti mühüm addım atıldı. Dövlətimizin başçısı 2025-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançı və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edərək, onların əməyinə verilən yüksək qiymətin yalnız fəxri adlar və mükafatlarla deyil, eyni zamanda sosial təminatın gücləndirilməsi ilə də ifadə olunduğunu nümayiş etdirdi.

Sonda isə Azərbaycanda idmanın inkişafında uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə Tərlan Həsənova, Asim Xudiyevə və Qərib Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün veriləcəyi bildirildi. Beləliklə, həyata keçirilən tədbirlər bir daha göstərdi ki, idman sahəsində əldə olunan uğurlar dövlət tərəfindən yüksək qiymətləndirilir və idmançıların, həmçinin idman mütəxəssislərinin əməyi diqqətdən kənarda qalmır. Fəxri adlar, orden və medalların, yeni mənzillərin təqdim olunması, eləcə də Prezidentin fərdi təqaüdünün verilməsi dövlətin idmana və idman adamlarına göstərdiyi davamlı, sistemli və hərtərəfli qayğının bariz nümunəsidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər