Gömrük Akademiyasında Həmrəylik Günü və Yeni il qeyd olunub
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov dünya azərbaycanlılarının birlik və həmrəyliyindən, bu xüsusi günün təsis edilməsinin önəmindən bəhs edib. O, bu əlamətdar tarixin qeyd olunmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edib.
Eyni zamanda, 44 günlük Vətən müharibəsində Zəfər qazanmış xalq olaraq həmrəyliyimizi dünyaya bir daha layiqincə bəyan etdiyimizi qeyd edib. Q. Novruzov “Konstitusiya və suverenlik” ilinin ən önəmli tarixi hadisələrindən söz açaraq yola saldığımız ilin Akademiyanın fəaliyyəti ilə bağlı da yaddaqalan olduğunu bildirib.
Akademiya rəisi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ili münasibətilə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun təbriklərini Akademiyanın kollektivinə, professor-müəllim heyətinə və tələbələrinə çatdıraraq, onlara möhkəm can sağlığı, xoş günlər və fəaliyyətlərində yeni-yeni uğurlar arzu edib.
Daha sonra 2024-cü ildə Akademiyanı müxtəlif müsabiqə, olimpiada və yarışlarda təmsil edərək uğur qazanmış tələbələrə Fəxri Fərmanlar təqdim olunub.
Tədbirdə həmçinin Həmrəylik Gününün tarixini özündə əks etdirən videoçarx nümayiş olunub.
Tədbir Akademiya tələbələrinin ifasında bədii kompozisiya ilə davam edib.







