Aministiya— dövlətin mərhəmətə söykənən böyük çağırışı
Bəzən bir qərar minlərlə taleyi dəyişir. Bəzən bir imza insanlara yenidən nəfəs almaq, ümid etmək və həyata tutunmaq imkanı yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü amnistiya təşəbbüsü məhz belə qərarlardandır. Gözlənilir ki, bu amnistiya təxminən 20 min vətəndaşın taleyinə toxunacaq. Bu, sadəcə hüquqi akt deyil, həm də dövlətin insanına verdiyi ikinci şansdır.
Bu təşəbbüsün əsasında cəza deyil, insana inam, qisas deyil, mərhəmət, kənarlaşdırmaq deyil, yenidən cəmiyyətə qazandırmaq fəlsəfəsi dayanır. Çünki həqiqət budur: sərt cəza hər zaman insanı dəyişmir. Amma anlayış, etimad və fürsət çox zaman insanı ayağa qaldırır.
Humanizm-İlham Əliyev siyasətinin ana xətti
Humanizm Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində dayanır. Bu siyasət insanı səhvinə görə birdəfəlik silmir. Əksinə, ona deyir: “Sən də düzələ bilərsən. Sən də yenidən başlaya bilərsən”.
Həyatda elə insanlar var ki, bir yanlış qərar, bir zəif an bütün talelərini dəyişir. Lakin peşmanlıq çəkən, səhvini anlayan, ailəsinə, övladına, cəmiyyətə qayıtmaq istəyən insanlar da var. Dövlət məhz bu nöqtədə insanın əlindən tutur. Amnistiya, cəmiyyətin öz vətəndaşına arxa çevirmədiyinin sübutudur.
Rəqəmlərin arxasında talelər var
Son 30 ildə imzalanmış 71 əfv fərmanı ilə 10 mindən çox insan azadlığa qovuşub. 12 amnistiya qərarı isə 130 mindən artıq vətəndaşın həyatında yeni səhifə açıb. Bu, sadəcə statistika deyil. Bu rəqəmlərin hər birinin arxasında ana göz yaşı, övlad həsrəti, ailə sevinci, yarımçıq qalmış həyat hekayələri var.
Bu gün isə daha böyük, daha əhatəli bir qərar masadadır.
Müstəqillik tarixinin ən genişmiqyaslı amnistiyası
“Konstitusiya və Suverenlik İli” münasibətilə Prezident İlham Əliyevin Milli Məclisə təqdim etdiyi amnistiya layihəsi Azərbaycanın müstəqillik dövründə ən genişmiqyaslı amnistiya aktı kimi tarixə düşməyə namizəddir. Gözlənilir ki, bu qərar 20 minə yaxın şəxsə şamil ediləcək, onlardan 5 mindən çoxu azadlığa qovuşacaq.
Bu, dövlətin güc nümayişi deyil-ədalət və mərhəmətin gücüdür.
Qərar qəbul edildiyi gündən qüvvəyə minəcək və icrası üçün 4 ay nəzərdə tutulsa da, bu prosesin daha sürətlə həyata keçiriləcəyi istisna edilmir. Çünki bu qərar kağız üçün yox, insanlar üçündür.
Kimlər üçün ümid qapısı açılır?
Bu amnistiya ilk növbədə Vətən qarşısında borcunu yerinə yetirmiş insanları əhatə edir: Vətən müharibəsinin iştirakçıları, 2023-cü ilin 19–20 sentyabr antiterror əməliyyatlarında iştirak edənlər, şəhid olmuş və ya yaralanmış şəxslərin yaxınları, Ermənistanın hərbi təxribatlarından zərər çəkən vətəndaşlar, mülki əhaliyə qarşı hücumların qurbanları.
Bununla yanaşı, qadınlar, yaşlılar, azyaşlı uşaqları olan valideynlər kimi sosial baxımdan həssas təbəqələr də unudulmur. Çünki humanizm seçici olmur – o, vicdanla ölçülür.
Zəfərdən sonra mərhəmət mərhələsi
Bu amnistiya torpaqlarımızın azad edilməsindən, suverenliyimizin tam bərpasından sonra qəbul edilir. Artıq ölkənin bütün ərazisində Konstitusiya işləyir. İndi isə növbə insanların taleyini bərpa etməyə çatıb.
2021-ci ildə qəbul edilən Zəfər amnistiyası 17 mindən çox insanı əhatə etmişdi. İndi isə daha geniş, daha dərin, daha mənalı bir qərar gündəmdədir.
Güclü dövlət bağışlamağı bacarandır.
Bu amnistiya bir daha sübut edir ki, Azərbaycan güclü olduğu üçün bağışlayır. Özünə güvəndiyi üçün ikinci şans verir. Prezident İlham Əliyevin bu təşəbbüsü hüquqi sənəddən daha çox insani çağırışdır: “Düzəl, qayıt, cəmiyyətin bir parçası ol”.
Bu qərar təkcə azadlığa çıxanların deyil, bütün cəmiyyətin yükünü yüngülləşdirir. Çünki mərhəmət olan yerdə nifrət kök sala bilmir.
Fəzail İbrahimli
Milli Məclisin deputatı
