Azər Allahverənov Pirşağıda vətəndaşların qəbulunu keçirib
30 noyabr 2024-cü il tarixdə Milli Məclisin deputatı Azər Allahverənov Pirşağı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında qəsəbədə yaşayan vətəndaşların qəbulunu keçirib.
Qəbulda iştirak edən pirşağılılar həyat və ev şəraitinin, o cümlədən maddi vəziyyətin yaxşılaşdırılması, məhəllə küçələrinin asfaltlanması, məşğulluq imkanlarının artırılması, torpaq üzərində mülkiyyət hüquqlarının təmin olunması və digər məsələlərlə bağlı müraciətlərini ediblər.
Qaldırılan məsələlər aidiyyəti üzrə baxılması üçün müvafiq qaydada qeydə alınıb. Qəbulda iştirak edən vətəndaşların diqqətinə çatdırılıb ki, hər bir məsələyə ayrı-ayrılıqda baxılacaq və onların həll olunması istiqamətində zəruri addımlar atılacaq, aidiyyəti üzrə dövlət qurumlarına müraciətlər göndəriləcəkdir. Xüsusilə bildirilib ki, müvafiq qurumlara ediləcək bütün müraciətlər barədə vətəndaşlar aidiyyəti üzrə məlumatlandırılacaqlar.
Bununla yanaşı qəbulda qəsəbə sakinləri tərəfindən qaldırılan elə məsələlər olub ki, onlar dərhal yerində Pirşağı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və qəsəbə bələdiyyəsinin əməkdaşlarının dəstəyi ilə həllini tapıb.