Azərbaycanda mina qurbanlarının sayı artmağa davam edir
2020-ci ilin 10 noyabrından 2024-cü ilin 11 noyabrınadək 382 Azərbaycan vətəndaşı Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub.
Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımında bildirib.
O, Azərbaycanın hələ də Ermənistanın 30 ildir davam edən hərbi işğalının nəticələrindən əziyyət çəkdiyini qeyd edib:
“Azərbaycanda mina qurbanlarının sayı artmağa davam edir. Azərbaycan Ermənistanın 30 illik hərbi işğalının nəticələrindən əziyyət çəkir”.
Məlumatda qeyd olunub ki, 2020-ci ilin ilin 10 noyabrından sonra 70 nəfər mina partlayışı nəticəsində həlak olub, 312 nəfər xəsarət alıb. Həlak olanlardan 55-i, xəsarət alanlardan isə 143-ü mülki şəxslər olub.
10 noyabrdan sonra mina partlayışı nəticəsində 15 hərbi qulluqçu həlak olub, 169-u xəsarət alıb.
Qeyd edilib ki, 1991-ci ildən bəri ANAMA tərəfindən 3400-dən çox mina qurbanı qeydə alınıb. Onlardan 359-u uşaq, 38-i qadın olub.