Azər Allahverənovun Zabrat qəsəbəsinin seçiciləri ilə növbəti görüşü baş tutub
1 sentyabr 2024-cü il tarixində keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Azər Allahverənovun Zabrat qəsəbəsində yaşayan seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan İlham Mustafayev deputatlığa namizəd Azər Allahverənov barədə danışıb və tədbir iştirakçılarını qarşıdan gələn parlament seçkilərində fəal olmağa çağırıb.
Azərbaycanda həyata keçirilən genişmiqayslı inkişaf layihələri barədə danışan Azər Allahverənov tədbir iştirakçılarının diqqətini müxtəlif sahələrdə həyata keçirilən dövlət proqramlarına yönəldib və bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin əsas hədəflərinin ilk əvvəl ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı olduğunu qeyd edib. Eyni zamanda o, Zabrat qəsəbəsində yaşayan seçicilərin əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də kifayət qədər fəal olacaqlarını və səslərini layiq bildikləri namizədə verəcəklərini bildirib. Tədbirdə çıxış edən qəsəbə sakinləri gənclərin məşğulluğu və uşaqların asudə vaxtının təşkili üçün geniş imkanların yaradılması, yol infrastrukturunun yaxşılaşdırılması, yaşıl ərazilərin salınması və digər sosial əhəmiyyətli məsələlər barədə danışıblar.
Sonda Azər Allahverənov görüş iştirakçılarının suallarını cavablandırıb və seçiləcəyi təqdirdə görüşdə qaldırılan məsələlərin gələcəkdə həlli məqsədilə aidiyyəti dövlət qurumları qarşı vəsadətlə çıxış edəcəyini bildirib.