Azər Allahverənovun Kürdəxanı qəsəbəsinin seçiciləri ilə növbəti görüşü keçirilib
1 sentyabr 2024-cü il tarixində keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputatlığa namizədliyi sürülmüş Azər Allahverənovun Kürdəxanı qəsəbəsində yaşayan seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan qəsəbə ağsaqqalı Yamin Nəzərov millət vəkilliyinə namizəd Azər Allahverənovun təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirdiyi görüşlərə, etdiyi çıxışlara nəzər salıb, Kürdəxanı qəsəbəsində görülməsi vacib olan işlər barədə danışıb.
Seçkiqabağı platforması barədə danışan Azər Allahverənov əvvəlki illərdə Sabunçu rayonunun ərazisində həyata keçirdiyi layihə fəaliyyətləri barədə söz açıb, həmin layihələrin təhsil, ətraf mühitin mühafizəsi, sağlamlıq, yol təhlükəsizliyi və digər sosial məsələlərlə bağlı olduğunu vurğulayıb. Gələcək fəaliyyətlərinin o cümlədən bu istiqamətdə olacağını əminliklə bildirən Azər Allahverənov əsas diqqəti 29 saylı Sabunçu dördüncü seçki dairəsinin ərazisində yaşayan əhalinin maraqlarının təmin olunmasına yönəldəcəyini qeyd edib.
Tədbirdə çıxış edən seçicilər Azər Allahverənova qarşıdan gələn parlament seçkilərində uğurlar arzulayıblar və deputatlığa namizədin gələcək fəaliyyətlərinin daha da effektiv həyata keçirilməsi üçün bir sıra təklif və tövsiyələrini bildiriblər.