Azər Allahverənovun Nardaran qəsəbəsinin seçiciləri ilə növbəti görüşü keçirilib
29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputatlığa namizədliyə irəli sürülmüş Azər Allahverənovun Nardaran qəsəbəsində yaşayan seçicilərlə növbəti görüşü keçirilib.
1 sentyabr 2024-cü il tarixində ölkəmizdə keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat-təşviqat mərhələsində təşkil olunan görüş Nardaran Mədəniyyət Mərkəzində baş tutub.
Tədbiri giriş sözü ilə açan qəsəbə ağsaqqalı Hacıağa Nuri millət vəkilliyinə namizədin həyat yoluna nəzər salıb və bu yolda qazanılan təcrübənin seçki dairəsində mövcud olan aktual məsələlərin aradan qaldırılmasına səbəb olacağına inandığını deyib.
Seçkiqabağı platformasının ayrı-ayrı aspektlərinə toxunan Azər Allahverənov platformada yer alan vəzifələrin icra strategiyasının nədən ibarət olduğunu bildirib, seçiciləri narahat edən məsələlərin real nümunələr əsasında həllinin mümkünlüyü haqqında danışıb, tədbir iştirakçılarını qarşıdan gələn parlament seçkilərində fəal iştiraka dəvət edib.
Çıxış edən qəsəbə nümayəndələri deputatlığa namizəd Azər Allahverənova uğurlar arzulayıb, təklif və tövsiyələrini bildiriblər.