Silahlı Qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
Hər bir dövlətin və xalqın müstəqilliyinin və onun təhlükəsizliyinin təmin olunmasında ordu amili müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Ordusunun formalaşması, Silahlı Qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Müstəqilliyin ilk illərində Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilmədilər. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı.
Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi.
Ulu Öndər Heydər Əliyev hələ 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesini başlatmışdı. Məhz elə buna görə də deyə bilərik ki, silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.
1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.
Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.
Eyni zamanda, bu illər ərzində güclü iqdisadiyyatımız formalaşmışdı. Ölkədə vətəndaş həmrəyliyi hökm sürürdü. Səfərbər olmuş cəmiyyət formalaşmışdı və xalq öz prezidentinin ətrafında birlik nümayiş etdirirdi.
Bu reallıqlar fonunda yenilməz ordumuz möhtəşəm tarix yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi.
2023-cü ilin sentyabrında isə birgünlük antiterror tədbirləri nəticəsində Qarabağda erməni separatizmi tamamilə məhv edildi və dövlətimizin suverenliyi tam təmin olundu. Ümumiyyətlə, Azərbaycan Ordusu həm 44 günlük müharibə, həm də antiterror tədbirləri zamanı beynəlxalq humanitar tələblərə uyğun davranaraq mülki əhaliyə zərər vermədi, əksinə, dinc insanların qorunması üçün zəruri addımlar atdı. Bu baxımdan, Azərbaycan Ordusu bütün dünya üçün nümunə yaratmış oldu. Bütün bunlar açıq şəkildə təsdiq edir ki, Azərbaycan Ordusu paradlar ordusu deyil, güclü, peşəkar, müharibədə, real döyüş əməliyyatlarında öz sözünü demiş, özünü təsdiq etmiş ordudur.
Axundov Asif Əbülfəz oğlu.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent. ADPU-nun Tarix və coğrafiya fakültəsinin dekanı