Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin iyun ayının 4-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak etmişdir. Bu mötəbər mərasimdə çıxış edən dövlətimizin başçısı ölkəmizin neft strategiyasının keçdiyi yollardan söhbət açmış və bugünkü uğurların əsasını təşkil edən XX əsrin sonunda əsası qoyulan beynəlxalq sazişlərin ölkəmizin və xalqımızın işıqlı gələcəyini qurmaq imkanı verdiyini dilə gətirmişdir. Son illərdə bir sıra beynəlxalq səviyyəli tədbirlərin Azərbaycanda keçirilməsinə şahidlik edirik. Bu baxımdan xüsusi olaraq qeyd etməliyik ki, enerji sahəsində aparıcı tədbirlərdən biri olan Bakı Enerji Həftəsinin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının ən vacib göstəricisidir.
Bildiyimiz kimi Azərbaycanın neft-qaz sahəsindəki beynəlxalq əməkdaşlığa və xarici investorların ölkəyə cəlb olunmasına yol açan ilk uğurlu layihəsi- “Əsrin Müqaviləsi”dir. Ulu Öndər Heydər Əliyev zəkasının məhsulu olan bu imza nəinki bir neçə ili, bir neçə əsri əhatə edə biləcək Xəzər dənizi enerji resurslarını düzgün istismar etmək və bu yöndə məhz hansı ölkə investorlarına nə qədər pay düşmək kimi bütün incə detalları özündə əks etdirərək atılan imzadır.
1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı nəticəsində digər sahələrlə yanaşı ölkəmizin inkişaf strategiyasının əsasını təşkil edən enerji siyasətində yeni mərhələnin başlanğıcı qoyuldu. Ulu Öndər özündən əvvəlki hakimiyyətin buraxdığı tarixi səhvlər məngənəsində ölkənin boğulmaqda olmasına rağmən iqtisadi uğurlara yol açaçaq enerji strategiyasını inkişaf etdirmək məqsədi onun qarşıya qoyduğu əsas məqsəd idi və o, bu məqsədə çatmaq istiqamətində bütün qüvvəsini səfərbər etdi. Ümummilli Lider bilirdi ki, Xəzər dənizinin resurslarını düzgün istismar etmək həm iqtisadi həm də siyasi dialoqlara yol aça bilər. Odur ki, Ulu Öndər Heydər Əliyev dünyanın ən aparıcı dövlətləri ilə energetika sahəsində yeni əməkdaşlıqlar yaratmaq və xarici investorları ölkəyə cəlb etmək niyyətində idi. Ulu Öndər ilk öncə xarici siyasətdə ikitərəfli və çoxtərəfli əməkdaşlıqlar yaradaraq ölkəmizin təhlükəsizliyini təmin etdi. Bunun ardınca müharibədən yorulmuş xalqın ən böyük arzusu olan atəşkəs imzasını atdı və beləlikə sabitlik, təhlükəsizlik təmin olundu. Lakin yeni müstəqillik əldə edən ölkədə sabitlik olsa belə yeni infrastrukturla inşa olunan neft kəmərlərinin və qaz borularının olmaması xarici investorları tərəddüddə qoyan məqamlar idi. Ulu Öndərin bütün səyləri səfərbər etməsi nəticəsində 1994-cü ildə tarixi nailiyyət olan “Əsrin Müqaviləsi” imzalanır. Bu müqavilə ölkədə dayanıqlı inkişafa və iqtisadi müstəqilliyə zəmin yaradan ilk və ən uğurlu enerji müqaviləsi olur. Bu müqavilədən sonra xəritədə ölkəmizin yerini bilməyən çoxsaylı şirkətlər bura investisiya qoyur və ölkəyə gələn gəlirlər heç bir dövlətdən asılı olmadan müstəqil siyasətimizi təmin etməyə imkan yaradır.
Beləliklə əsası Ulu öndər tərəfindən qoyulan enerji müqaviləsini 30 il müddətində uğurla həyata keçirən ölkəmiz öz resurslarını inkişaf etdirməyə nail olur. Bu gün Azərbaycan ən müasir infrastrukturlara malik enerji marşurutları yaradıb ki, bu marşurutların keçdiyi yollara nəzər salsaq ölkəmizin bütün Avroasiya məkanının enerji xəritəsini dəyişdiyinin şahidi ola bilərik. Ölkəmizin həm təhlükəsiz tərəfdaş olması, həm coğrafi mövqeyi, həm də yeni infrastrukturun mövcud olduğu məkan olması onu təkcə istehsalçı deyil, həm də digər istehsalçıların öz nəqlini həyata keçirmək üçün interkonnektor rolu oynamasına da şərait yaradan məqamlardır. Hazırda Azərbaycan-həm istehsalçıların, həm də istehlakçıların təhlükəsiz ticarətinin məkanına çevrilən ölkədir. Ən qürurverici məqamlardan biri isə ölkəmizin nəhəng enerji transformasiya proseslərində təkcə iştirakçı deyil lider olmağa çalışmasıdır.
Bu gün dünyada baş verən geosiyasi dəyişikliklər ölkəmizin enerji resurslarına marağı dəfələrlə artırıb. Möhtərəm cənab Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində hazırda Azərbaycan Avropa İttifaqının enerji təminatında mühüm rola malikdir. Rusiya-Ukrayna müharibəsinin Avropada yaratdığı enerji böhranı Avropa İttifaqı ölkələrinin Azərbaycana marağını dəfələrlə artırmış və bir sıra ölkələr qaz nəqli üçün ölkəmizə müraciətlər etmişlər. Bu gün Avropa İttifaqı ölkələri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır ki, bu da ölkəmizin beynəlxalq statusunu artırmaq baxımından böyük əhəmiyyət daşıyır.
Dünyada gedən geosiyasi dəyişiklikləri nəzərə alaraq öz müstəqilliyini və təhlükəsizliyini qoruyan dövlətimiz həmçinin tarixin verdiyi şansı da dəyərləndirir və ona uyğun istiqamət alır. Beləliklə ölkənin enerji sahəsindəki uğurları və yeni perspektivli planlara imza atılması ölkəmizin beynəlxalq statusunu artırır və hər biz azərbaycanlının rifahına xidmət göstərir.
Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
Son xəbərlər
