Milli suverenliyini tam bərpa etmiş Azərbaycan daha böyük uğurlar qazanmaqdadır
“XIX əsrdən başlanan mürəkkəb ictimai-siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə gətirib çıxartdı. Yeni mühitdə formalaşan görkəmli ictimai və siyasi xadimlərimiz əsrin çağırış və tələblərinə layiqincə cavab verməyə qadir oldular. Azərbaycan Xalq Cumhuriyyətinin qurulması üçün münbit zəmin yarandı.” (Ümummilli Lider Heydər Əliyev)
Şimali Azərbaycanda 100 ildən artıq bir dövr ərzində davam etmiş azadlıq mübarizəsi nəticəsində, çox mürəkkəb bir tarixi şəraitdə 1918-ci il may ayının 28-də Azərbaycanın şimal torpaqlarında xalqın qədim dövlətçilik ənənələri yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.
XX yüzilliyin əvvəllərində Azərbaycan xalqının milli-azadlıq hərəkatının ən böyük nailiyyəti özünün müstəqil milli dövlətini yaratması idi. Cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın yaddaşında silinməz iz buraxmışdır. Cümhuriyyət xadimlərinin çox böyük tarixi xidməti bu idi ki, onlar yurdun şimalında Rusiya işğalından sonrakı dövrdə unutdurulmuş müqəddəs “Azərbaycan” möhürünü xalqa qaytardılar. Xalqın dirçəldilən yeni dövləti dünyanın siyasət meydanına “Azərbaycan” adı ilə qədəm qoydu.
Azərbaycan Xalq Cumhuriyyətinin dövlətçilik tariximizdəki yeri və roluna ən dolğun və düzgün qiyməti də məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev vermişdir. Xalqımızın dahi oğlu tariximizin bu şanlı səhifəsi ilə bağlı bütün çıxışlarında dönə-dönə qeyd etmişdir ki, “Azərbaycan Xalq Cumhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cumhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Bu cumhuriyyətin yaradılmasında müstəsna xidmətləri olan Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Mehdi bəy Hacınski, Məmmədyusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxülislamov, Teymur bəy Bakinski, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Sultan Məcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Pepinov, Şəfi bəy Rüstəmbəyov kimi görkəmli ictimai xadimlərin xatirəsini qədirbilən Azərbaycan xalqı bu gün də böyük ehtiram hissi ilə yad edir.”
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin 28 aprel tarixində bolşevik istilası nəticəsində süqut etsə də Azərbaycan xalqının azadlıq alovu heç bir zaman sönməmiş və xalqımız 1991-ci ilin 18 oktyabrında öz müstəqilliyini yenidən bərpa etmişdir. Sevindirici haldır ki, hazırda respublikamızda aparılan quruculuq işləri nəticəsində Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti öz tarixinin hərtərəfli və coşqun yüksəlişlə müşayət olunan şərəfli anlarını yaşayır. Milli suverenliyini tam bərpa etmiş Azərbaycan Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar qazanmaqdadır. Xalqımız öz lideri ilə birgə parlaq gələcəyə doğru inamla irəliləyir. Bütün bunlar üçün hər bir vətən övladı dahi rəhbərimiz Ulu Öndər Heydər Əliyevin ləyaqətli davamçısı, Möhtərəm cənab Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşməli, onun tapşırıq və göstərişlərini layiqincə həyata keçirməlidir.
Yaşasın Müstəqil Azərbaycan Respublikası !
Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru