Ramiz Əsgər vəfat etdi
Tanınmış türkoloq, tərcüməçi, alim Ramiz Əsgər vəfat edib.
Bu barədə Report-a onun yaxınları məlumat verib.
Ramiz Əsgər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini 1978-ci ildə bitirib.
Azərbaycan radiosunda redaktor (1978-1983), türk, ərəb, fars, Azərbaycan, ingilis, fransız və alman dillərində çıxan “Azərbaycan bu gün” jurnalının baş redaktoru (1983-1984), kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan “Odlar yurdu” qəzetinin baş redaktoru (1984-1991), “Hürriyyət” qəzetinin (İstanbul) Azərbaycan üzrə xüsusi müxbiri (1991-1993), Xarıci Turizm Şurasının idarə rəisi (1993-1994), “XXI əsr” qəzetınin baş redaktoru (1994-1996), “Yeni Forum” jurnalının (Ankara) Bakı təmsilçisi (1993-1997) olub. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibi idi.
2003-ci ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri olmuşdur. 2012-ci ildən isə BDU-nun Türk xalqları ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru idi.
Azərbaycanın “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Humay”, Türkiyənin “Türk dünyasına xidmət”, “Altın əsr” və TürkSOY-un “Özəl ödül” mükafatları laureatıdır. “Baburnamə”nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq “Babur” mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq “Bəkir Çobanzadə” mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın “Mədəniyyət sahəsində uğurlar” medalına layiq görülmüşdür. Yazıçılar və Jurnalistlər birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvü, Azərbaycanın əməkdar jurnalisti idi.
Ramiz Əsgər “Divani-lüğət-it-Türk”ün Azərbaycanda ilk mükəmməl nəşrini hazırlamışdı və bu böyük nümunəni Azərbaycan elminə təqdim etmişdi.
Ramiz Əsgərə Prezident İlham Əliyev tərəfindən “Şöhrət”, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmişdi.