Rəisi Cəbrayıla niyə təyyarə ilə gəlmədi?!
Emin Əliyev
Beynəlxalq münasibətlər üzrə ekspert
İran prezidentinin faciəli şəkildə həlak olması böyük hadisədir. Nəzərə alsaq ki, regionun ən güclü dövlətlərindən biridir və bizim də aktiv olduğumuz coğrafiyada üst-üstə düşən və ya düşməyən mövqelərimiz tarixi dövrlər üzrə müxtəlif formalarda dəyişsə də əsas olan qonşuluq münasibətlərimiz minimum olaraq qorunmuşdur.
Bizim üçün həssas olan budur ki, mərhum prezident Rəisi ölkəmizə olan səfərindən sonra evə dönərkən həlak olmuşdur. İlk olaraq yaranan sual budur ki, cənab İlham Əliyevlə Cəbrayıl ərazisində baş tutan görüşə nə üçün helikopterlə gəlinmişdir? Axı Cəbrayıl rayonu iki beynəlxalq hava limanının arasında və hər ikisinə çox yaxın məsafədə yerləşir! Füzuli və ya Zəngilan beynəlxalq aeroportlarına gəlib(Türkiyə, Özbəkistan, Qazaxstan, Qırğızıstan, Belorus və sair ölkələrin liderlərinin etdiyi kimi) avtomobil korteji ilə tədbir məkanına getmək olardı. Hesab edirəm ki, bu anlaşılmaz bir hərəkət idi!
Hiss olunurdu ki, mərhum prezident Rəisi həm Türkiyə, həm də Azərbaycanla münasibətləri yumşaltmağa və minimum ziddiyyət səviyyələrinə salmağa çalışırdı. Cəbrayıl səfərində verdiyi pozitiv bəyənatlar buna işarə idi.
O ki qaldı Rəisinin helikopterinin təxribat, terror və ya hansısa xarici ölkə qüvvələrinin müdaxiləsi ilə məhv edilməsi real görünmür.
Rəisi beynəlxalq aləmdə özünün xələflərindən fərqli olaraq aqressiv deyildi və kəskin çıxışlar etmir və addımlar atmırdı. İsrailin müdaxiləsi ağlabatan deyil.
Bir ölkənin liderini məhv etmək o deməkdir ki, sən hər şeyə hazırsan ki həmin ölkənin əhalisi səni yer üzündən silmək üçün səfərbər olsun. ABŞ təxribatı da real deyil. Çünki Rəisi ilə danışıq kanalları açıq idi(İsrailə İranın dron hücumu dövründə bunu hər kəs müşahidə etdi) və bu kanalların olması ABŞ üçün hər zaman lazımdır.
Digər adları qeyd edilən dövlətləri isə dilə gətirməyə dəyməz, çünki isterik olaraq düşmən və ya rəqib media orqanları tərəfindən irəliyə sürülmüş çürük iddialardır.
Rəisi ali dini liderliyə real namizəd idi. Bu onun prezidentliyə namizəd olduğu dövrdən belə hər kəsə məlum idi və bunu gizlətmirdilər də. İlkin təəssürat odur ki, Rəisinin təmkinli siyasət aparması, eyni zamanda ali dini liderliyə real namizəd olması ölkə daxilində onun rəqiblərini düşmənə çevirmişdir. Və onun fiziki məhv edilməsi həmin qüvvələr üçün zəruri idi.
Açığını desək helikopter səfəri ilə bağlı kifayət qədər suallar vardır və bu suallar cavablandırılarsa bəlkə həqiqət ortalığa çıxacaq. Amma 50 il sonra…